Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikasının Energetika Naziri cənab Pərviz Şahbazova

Azərbaycan Respublikasının Energetika Naziri

cənab Pərviz Şahbazov



Hörmətli cənab Nazir!

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün malik olduğu iqtisadi potensiala və bu sahədə həyata keçirilən səmərəli islahatların uğurlu nəticələrinə görə nəinki postsovet məkanında, ümumiyyətlə, dünya miqyasında mühüm rolu olan dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır.

Dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” məramına uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyev respublikamızda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına həmişə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bu qayğının nəticəsidir ki, son illər Azərbaycanın dinamik inkişafında iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu artmışdır.

Ölkə rəhbəri İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu da sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı bu qanunun qəbulunu birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstək kimi qiymətləndirmək lazımdır.

Sahibkarlıq sahəsində qanunların daha da təkmilləşdirilməsi və özəl bölmənin fəaliyyətinin genişləndirilməsi zərurətini önə çəkən Prezident İlham Əliyevin verdiyi sərəncamlar sahibkarlıq hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədini daşıyır.

Hörmətli cənab Nazir!

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 28 yanvar 2014-cü il tarixli qərarında göstərmişdir ki, “Normativ hüquqi akt onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Vətəndaşdan bilmədiyi qaydaya riayət edilməsini tələb etmək olmaz. Bu prinsip hüquq münasibətlərinin subyektləri arasındakı münasibətlərin sabitliyini və hüquq qaydasının möhkəmliyini qoruyur. Prinsipin əksini qəbul etmək həmin normativ hüquqi akta tabe olanların hafizəsində onun nüfuzunu sarsıtmaq demək olardı”.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 28 noyabr 2003-cü il tarixli Qanununun II hissəsinin şərh edilməsi”nə dair 07 sentyabr 2004-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki: “Qanun cəmiyyətdə ictimai münasibətlərin nizamlanmasında, ölkənin iqtisadi, sosial və s. problemlərinin həllində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında və onların məsuliyyət hissinin artırılmasında mühüm əhəmiyyət kəsb edən yazılı hüquqi sənəddir. Bu baxımdan qanunların hazırlanması, qəbul edilməsi və onun dərc olunub icra edilməsi əsas şərtdir. Ümumiyyətlə, şəxsin hüquq, azadlıq və vəzifələrinə toxunan hər bir normativ-hüquqi akt ictimaiyyətin nəzərinə çatdırılmaq üçün dərc edilmədikdə tətbiq və icra edilə bilməz. Yalnız dərc edilmiş qanun tətbiq və icra edilə bilər. Əks halda dərc olunmamış qanunun tətbiqindən, icrasından və onun törədəcəyi məsuliyyətlə əlaqədar məsələlərdən danışmaq mümkün deyildir”

Məlumunuz olduğu kimi, 01 mart 2014-cü ildə qüvvəyə minmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara (o cümlədən, texniki normativ hüquqi aktlara) sahibkarların sərbəst, ödənişsiz və məhdudiyyətsiz çıxışı təmin olunmalıdır.

Sözügedən Qanunun 8.2-ci maddəsində təsbit edilmişdir ki, sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktlar (o cümlədən, texniki normativ hüquqi aktlar), habelə yoxlamanın hər bir mərhələsini, o cümlədən yoxlayıcı orqan tərəfindən qəbul edilmiş qərarlardan şikayət verilməsini tənzimləyən qaydalar, yoxlayıcı orqanın səlahiyyətlərini əks etdirən məlumatlar, yoxlama suallarının siyahısı, sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin tətbiqi barədə verilən izahatlar, tez-tez verilən suallara cavablar, həmçinin sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xidmət edə biləcək məlumatlar yoxlayıcı orqanların rəsmi internet saytlarında yerləşdirilir və həmin məlumatlarda dəyişikliklər baş verdikcə onlar yenilənir.

Hörmətli cənab Nazir!

Sahibkarların maarifləndirilməsi, sahibkarlıq hüququnun təşviqini və sahibkarların hüquqlarının qorunması ilə müvafiq tədbirləri özünün prioritet istiqaməti kimi müəyyənləşdirən “Hüquqi İslahatlara Yardım Mərkəzi”nin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının bir sıra mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yuxarıda sözügedən Qanunun 8.2-ci maddəsinin tələblərinə tam əməl edilməmişdir.

Araşdırmalarla müəyyən olunur ki, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının, o cümlədən rəhbərlik etdiyiniz Nazirliyin rəsmi internet səhifələrində müvafiq sahəyə aid olan qanunlar, Fərman və sərəncamlar, Nazirlər Kabinetinin qərarları yerləşdirilsə də, müvafiq sahəni tənzimləyən texniki normativ sənədlər, normativ xarakterli aktlar (təlimatlar, qaydalar, DÜST və s.) rəsmi şəkildə internet səhifələrində yerləşdirilməmişdir.

Sahibkarlıq fəaliyyətində zəruri olan, yoxlamalar üçün zəruri sayılan, bu və ya digər mərkəzi icra hakimiyyəti orqanının yoxlama dairəsinə daxil edilmiş münasibətlərə, məsələlərə dair texniki normativ və texniki sənədlər vardır ki, bu sənədlərin tələblərinə əməl edilməsi üçün onların mətninin əldə olunması vacibdir. Lakin araşdırmalarımız göstərir ki, bir çox texniki normativ sənədlərin mətnləri nəşr olunmamışdır, nəinki müvafiq icra hakimiyyəti orqanlarının saytlarında, hətta digər açıq informasiya mənbələrində də yoxdur.

Araşdırmalarımız göstərir ki, SSRİ dövründən qalan bəzi çoxsaylı “ГОСТ” və  “СНИП” lər var ki, yoxlayıcı orqanlar indi də onların tələbləri ilə işləyirlər. Həmçinin, bəzi  ədəbiyyatda müəyyən “DÜST” və “SNİP”lərin də adlarına rast gəlmək olur. Lakin onların mətnlərini əldə etmək mümkün deyildir.

Bilavasitə istehsal və xidmət sahəsində tətbiq edilməli olan, yoxlayıcı orqanların yoxlama fəaliyyəti dairəsinə daxil olan bəzi texniki normativ və texniki sənədlərin  Azərbaycan Respublikasının qanunvericilik sistemində (müstəqillik dövründə) hələ də tam hazırlanmaması müşahidə olunur. Bu baxımdan bir çox sahələri tənzimləyən texniki normativ sənədlərin hazırlanmasına və müvafiq qaydada təsdiqlənərək kütləvi istifadəyə təqdim olunmasına zərurət vardır. Yalnız qanunvericlikdə nəzərdə tutulmuş qaydada nəşr edilmiş texniki normativ sənədin icrası tələb oluna bilər ki, müvafiq icra hakimiyyəti orqanları ilk növbədə bunu təmin etməlidirlər. Əks təqdirdə, yəni, əldə edilməsi mümkün olmayan texniki normativ sənədin tələblərinə əməl olunmasını tələb etmək qanunsuz olmaqla, sahibkarlıq subyektinin hüquqlarının pozulması ilə nəticələnə bilər.

Göstərilənləri nəzərə alıb yuxarıda istinad olunan qanunun tələblərinə rəhbərlik etdiyiniz Nazirlik tərəfindən riayət olunmasının təmin edilməsi üçün aidiyyatı şəxslərə müvafiq göstərişlər verilməsini Sizdən xahiş edirik.


Hörmətlə

Mərkəzin sədri                                                       Natiq Abdullayev


Şərhlər
Şərh bildirilməmişdir.
Şərh bildir
Şərh etmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Qiymətləndirmə yoxdur.




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi