Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikası Milli Məclisinin sədri Cənab Oqtay Əsədova
Hörmətli Oqtay müəllim!

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə hüquq islahatları nəticəsində məhkəmə sistemimiz 2000-ci ilin sentyabr ayından demokratik cəmiyyətin tələblərinə cavab verən şəkildə təkmilləşdirilmişdir.
Məlumunuz olduğu kimi yuxarıda qeyd edilən məhkəmə hüquq islahatları aparılanadək mülki, cinayət və digər işlərin nəzarət icraatı qaydasında yoxlanılması institutu mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasına 24 avqust 2002-ci il tarixdə keçirilən referenduma qəbul edilmiş əlavə və dəyişikliklərlə, hətta Konstitusiyanın 131-ci maddəsindən də Azərbaycan Respublikası Ali Məhkəməsinin səlahiyyətlərində formal olaraq qalmış nəzarət icraatı funksiyası çıxarılmış və beləliklə də ədalət mühakiməsinin üç pilləli (birinci, apelyasiya və kasasiya məhkəmələrində) məhkəmə hakimiyyəti tərəfindən (və qanunla müəyyən edilən qaydada və hallarda Konstitusiya məhkəmə icraatı qaydasında) həyata keçirilməsi tam bərqərar olmuşdur.

Hörmətli Oqtay müəllim!

Ədalət mühakiməsinin həyata keçirilməsində heç də uğurlu olmayan, subyektivliyə yol açan və məhkəmə hüquq islahatları nəticəsində məhkəmə nəzarət icraatının artıq tarixə dönməsinə baxmayaraq hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 302-ci maddəsində göstərilmişdir ki, “Fərdi əmək mübahisələri üzrə məhkəmənin qəbul etdiyi qanuni qüvvəyə minmiş qərarı, qətnaməsi icra edildiyi gündən altı ay keçdikdən sonra nəzarət icraatı qaydasında işçinin zərərinə ləğv edilə bilməz”.
Sözsüz ki, bu müddüa Əmək Məcəlləsinin 1 fevral 1999-cu il tarixlə qanunla təsdiq edildiyi (Əmək Məcəlləsi 1999-cu ilin iyulun 1-dən qüvvəyə minmişdir) zaman nəzarət icraatı qaydasında işlərə baxılmasının mövcud olduğu vaxt Məcəlləyə daxil edilmişdir. Lakin nəzərə alsaq ki, Respublikamızda aparılan məhkəmə hüquq islahatları nəticəsində artıq nəzarət icraatı qaydasında işlərə baxılması müvafiq qanunvericilik aktlarımızdan çıxarılmışdır, onda hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 302-ci maddəsinin 1-ci bəndi öz hüquqi və praktiki əhəmiyyətini itirmişdir.
Odur ki, heç bir hüquqi əsası və praktiki əhəmiyyəti olmayan bu müddəanın Məcəllədən çıxarılması labüddür.

Hörmətli Oqtay müəllim!

Hesab edirik ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 302-ci maddəsinin 2-ci bəndi və bu bəndə aid olan “qeyd” hissəsi də məhkəmə hüquq islahatları ilə əlaqədar qəbul olunmuş digər qanunvericilik aktlarının tələblərinə uyğun olmadığından Məcəllədən çıxarılmalıdır.
Belə ki, qeyd edilən maddədə təsbit olunmuşdur ki, “məhkəmənin qərarının (qətnaməsinin) icrasının dönüşünə, bu qərar yalnız işçinin, işəgötürənin, şahidlərin verdiyi yalan məlumatlara və ya təqdim etdiyi saxta sənədlərə əsaslanaraq qəbul edildiyi” hallarda yol verilə bilər.
Sözügedən maddənin “Qeyd” hissəsində isə göstərilmişdir ki, “«İcrada dönüş» dedikdə, məhkəmə qətnaməsinin, qərarının icraya yönəldilməməsi, icraya yönəldilmiş qətnamənin, qərarın icrasının dayandırılması və ya icra edilmiş qətnamənin, qərarın ləğv edilərək tərəflərin müansibətlərinin, maraqlarının, maddi və digər mənafelərinin əmək mübahisəsi ilə əlaqədar iddia verilən andakı vəziyyətə qaytarılması başa düşülməlidir”
Hesab edirik ki, bu maddədə və bu maddəyə aid olan “qeyd”də ehtiva edilənlər mövcud qanunvericilik aktlarının, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri ilə uzlaşmır. Məlumdur ki, yuxarı instansiya məhkəmələri (apelyasiya, kasasiya və s.) tərəfindən ləğv edilməyən qətnamə qanuni qüvvəsini alır və mütləq icra edilməlidir.
Qanuni qüvvəsini almış qətnaməyə bu və ya digər subyektiv yanaşma ola bilməz.
Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinə yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilə bilər. İstinad edilən maddənin məzmunu qüsurludur və subyektiv yanaşmalara şərait yaradır.
Odur ki, bu maddə və bu maddəyə aid olan “qeyd” ümumiyyətlə Məcəllədən çıxarılmalıdır.

Hörmətli Oqtay müəllim!


Əmək Məcəlləsinin yenidən baxılmasına zərurət olan maddələrindən biri də bu Məcəllənin 74-cü maddəsinin 2-ci bəndidir.
Belə ki, bu maddənin 2-ci bəndində göstərilmişdir ki, işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, “  İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür”.
Göründüyü kimi Məcəllənin 71-ci maddəsinin 1-ci bəndi başqa münasibətləri tənzimləməklə, bu maddədə heç bir araşdırmadan söhbət getmir.
Hesab edirik ki, Məcəllənin 74-cü maddəsinin 2-ci bəndində göstərilən “......  bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər”  sözləri “..... bu Məcəllənin 74-cü maddəsinin 1-ci bəndinin b) hissəsinə əsasən xitam verilməlidir” sözləri ilə əvəz olunmalıdır. Belə ki, məhz Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndi tərəflərin iradəsindən asılı olmayan hallarda, o cümlədən əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda əmək müqaviləsinə xitam verilməsinin əsaslarını tənzimləyir.

Hörmətli Oqtay müəllim!

Ümid edirik ki, təkliflərimizin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verəcəksiniz.



Hörmətlə,
Mərkəzin sədri                         Natiq Abdullayev





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi