Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Məhkəmə hüquq islahatları və mediasiyanın inkişaf perspektivləri
Hüquqi İslahatlara Yardım Mərkəsi İctimai Birliyinin sədri, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayevin “Məhkəmə hüquq islahatları və mediasiyanın inkişaf perspektivləri” sərlövhəli məqaləsi “Respublika” qəzetinin 14 avqust 2013-cü il tarixli sayında dərc olunub.



Məhkəmə hüquq islahatları və mediasiyanın inkişaf perspektivləri

Müasir dövrdə demokratik dövlət quruculuğunun inkişafı dünya hüquq məkanına inteqrasiyadan,  mütərəqqi və  çevik hüquqi mexanizmlərin yaradılması və tətbiqindən  bilavasitə asılıdır. Müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyulmuşdur. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların  hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlmişdir. Eyni zamanda, istər dünya təcrübəsində tətbiq edilən   hüquqi novasiyalar,  istərsə də, cəmiyyətimizin dinamik inkişafı və ölkə  həyatındakı  mühüm yeniliklər hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmələrin həyata keçirilməsini  tələb edir.  
Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük nailiyyətlər əldə etmiş, miqyaslı məhkəmə-hüquq islahatlarını həyata keçirmiş,  vətəndaş cəmiyyətinin tələblərinə cavab verən hüquqi təsisatları formalaşdırmışdır. Demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurulması proiritet məsələ kimi bəyan edilmişdir. Milli qanunvericilik  sistemi  beynəlxalq hüquq normalarına əsaslanır. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə hazırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat almışdır”.
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məhkəmə-hüquq islahatlarının mahiyyətini vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi təşkil edir. Dövlət başçısının qeyd etdiyi kimi:  “Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. Qanunun aliliyinin təmin edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm  məsələdir. Ölkənin gücü təkcə iqtisadi artımla deyil, həm də insanların ölkədə azad şəkildə yaşamasından, demokratiyanın inkişafından asılıdır. Azərbaycan dünya birliyinə inteqrasiya yolunu seçib, müasirləşir və zənginləşir. Siyasi islahatlar, məhkəmə-hüquq sistemində islahatlar paralel şəkildə aparılır və aparılmalıdır“.
Dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatların üzvü olmaq dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla, həm də milli qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edən mühüm amilə çevrilmişdir. Respublikamızda pakta sunt servanda (müqavilələr icra olunmalıdır) prinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi vacib hesab edilir. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsi də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsinə xidmət edir.            
Avropa  hüquq məkanında artıq xeyli müddətdir ki, tətbiq edilən mediasiya prosedurunun üzv ölkələrdə də geniş yayılması mühüm yeniliklərdən biri kimi məhz bu baxımdan aktuallıq kəsb edir. Müasir şəraitdə mübahisələrin səmərəli  həlli məqsədilə üçüncü tərəfin müdaxiləsi zərurətə çevrilmişdir. Hazırda hüquqi, siyasi-diplomatik vasitə kimi mediasiya münaqişələrin uğurlu həlli yolu hesab edilir və qabaqcıl ölkələrdə mediasiya institutunun inkişafına geniş şərait yaradılır.
Hələ 1899 və 1907-ci illərdə qəbul edilmiş Haaqa Bəyannaməsində, sonra isə BMT Nizamnaməsinin 33-cü maddəsində vasitəçilik mübahisələrin alternativ həlli metodu kimi qəbul edilmişdir. XX əsrin 90-cı illərində dünyada soyuq müharibənin sona çatması, beynəlxalq, yaxud dövlətlərarası münaqişə və mübahisələrin tənzimlənməsində mediasiyanın geniş tətbiq edilməsinin əsas şərtlərindən biri oldu. Mövcud ideoloji qarşıdurmanın sona çatması nəticəsində BMT-nin vasitəçilik cəhdləri genişləndi və regional təşkilatların  müvafiq imkanlarının möhkəmlənməsinə şərait yarandı.
Mediasiya müasir dövrdə olduqca intensiv inkişaf edən sahədir və beynəlxalq birlik tərəfindən mübahisələrin həllinin müasir dövrün çağırışlarına cavab verən, insanların hüquqi dövlətdə birgəyaşayış tələblərinə və özünüreallaşdırmasına uyğun gələn,  universal üsulu kimi qəbul edilir. Mediasiya mürəkkəb tarixi təkamül yolu keçərək, qarşıdurma və mübahisələrin aradan qaldırılmasının  elə  bir metodu kimi  formalaşmışdır ki, tərəflərin vəziyyətdən çıxış yolunu axtarmasında özlərinin fəal və maraqlı olmalarını şərtləndirir, buna nail olmaq üçün qüvvə və nüfuzlarından istifadə etməyə sövq edir.  Ən vacibi mübahisələrin opponentin ziyanına və onun hesabına həll edilməsi prosesi olmayıb, əksinə, tərəflərə öz maraq və hüquqlarını təmin etmək üçün bərabər  imkanlar verir.
Mediasiya praktikası Qərb ölkələrində geniş yayılmışdır. Mediasiya mübahisədə olan tərəflərin arasında qarşlıqlı konsensusa əsaslanan və hər iki tərəfi qane edən dərk edilmiş qərara gəlmək yoludur. Mediasya mübahisələrin həlli prosedurunda üçüncü tərəfin-mediatorun iştirakını nəzərdə tutur və vasitəçiliyin özünəməxsus bir formasıdır. Mediasiyanın uğurla başa çatacağı təqdirdə nə qalib, nə də məğlub tərəf olmur. Mübahisədə olan bütün tərəflər udur. Mediator- mübahisə edən tərəflərin məhkəməyə müraciət etdikləri halda vasitəçi şəxs kimi qəbul etdikləri və tərəfləri barışdıra biləcək ümumi razılığın əldə edilməsinə nail ola bilən fiziki şəxsə deyilir. Mediator nə hökm verən hakim, nə də  arbitr deyl, mediator tərəflərin konsensusa gəlməsinə nail olan  vasitəçidir.    
Mediasiya institutunun  Azərbaycanda yaranması və tətbiqi zərurətini nə ilə əsaslandırmaq olar? Burada bir neçə amili vurğulamaq yerinə düşər.
Qeyd edildiyi kimi, Avropa Şurasının və digər çoxsayı mötəbər beynəlxalq təşkilatların üzvü olan Azərbaycanda vahid hüquq məkanının yaradılması, beynəlxalq qanunvericiliyin unifikasıyası mövcud mütərəqqi hüquqi praktikaların ölkəmizdə tətbiq edilməsini gündəmə gətirir.
Mediasiya tolerantlıq və konsensus institutu kimi adətən dialoq və ünsiyyət mədəniyyətinin yüksək olduğu cəmiyyətlərdə daha intensiv inkişaf edir. Azərbaycan dialoqun yüksək inkişaf etdiyi ölkə kimi  tanınır. Azərbaycan tarixən elə cəmiyyət olmuşdur ki, burada ictimai  rəy, ictimai qınaq, mübahisəli məsələlərin ağsaqqalların iştirakı ilə, məsləhətləşmələrlə həlli tarixən qədim köklərə malikdir. Buna görə də ölkədə mübahisələrin məhkəməyə qədərki həlli praktikasının fəal tətbiqi imkanları böyükdür. Belə ümumi qənaət mövcuddur ki, “Mediasiya bütün hüquqi cəmiyyətin gələcəyinin institutudur”. Mediasiya institutu bu gün nəinki məhkəmə-hüquq sistemi, eləcə də bütövlükdə hüquqi dövlət və cəmiyyət üçün vacib və aktual məsələdir. Cəmiyyətdə insanlar təşəbbüslərini öz üzərlərinə götürməli, dialoq və barış şəraitində yaşamağı öyrənməlidirlər. Azərbaycan müasir dünyanın hüquqi praktikasında mövcud olan başlıca meyllərin tətbiqinə, vətəndaş cəmiyyəti qurumlarının daha da inkişaf etdirilməsinə, müstəqil məhkəmə sisteminə dayanan hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş siyasətini həyata keçirir. Müstəqillik illərində həyata keçirilmiş məhkəmə-hüquq islahatları, toplanmış əvəzsiz təcrübə, dinamik və mütərəqqi institut olan mediasiyanın hüquqi mədəniyyətə və ictimai həyata inteqrasiyası üçün  möhkəm təməl rolunu oynayır.
Müstəqil Azərbaycanın vətəndaşları  məhkəmə hüquq sisteminə öz tələbləri ilə daha çox mütaciət etməyə başlamışdırlar və  artıq 2000-ci ildən sonrakı dövrdə - buvaxtadək məhkəmə sisteminin olduqca yüklənməsi reallıqdır. Belə hallarda qanunçuluğun keyfiyyətinin təminatı məsələsi gündəmə gəlmişdir. Bir məqamı vurğulamaq kifayətdir ki, son dövrlərədək Bakı şəhərinin rayonlarında hakimlərin icraatında bir ildə 500-dən çox mülki, 150-dən artıq cinayət və digər işlərin olması faktı hakimlərin nə qədər gərgin iş şəraitində işlədiyinin bariz göstəricisidir. Belə olan halda hər hakim bir gündə 10-larla işə baxmaqla insan taleyi baxımından həlledici qərarlar qəbul etməlidir. Məhz bu səbəbdən də hakimlərin baxdığı işlər üzrə məhkəmə araşdırması bəzən səthi olur, vaxtın azlığı tam və obyektiv məhkəmə araşdırmasının aparılmasına imkan vermir. Apelyasiya şikayətlərinin çoxluğu bir çox hallarda birinci instansiya məhkəmələrində işlərə ədalətli və obyektiv baxılmaması ilə bağlı olur.  Bu isə müəyyən hallarda əsassız və qanunsuz məhkəmə aktlarının qəbuluna gətirib çıxarır.
Dövlət başçısı İlham Əliyevin  19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanı Respublikanın məhkəmə sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi yönündə mühüm addımlardan biri oldu. Digər, 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə Respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırılmışdır. Görülən məqsədyönlü tədbirlərlə yanaşı, Azərbaycanda hər vətəndaşa düşən hakimlərin sayı Avropa ölkələrindəki göstəricilərlə müqayisədə çox aşağıdır. Avropa ölkələrində mübahisələrin 80 faizi barışdırıcı  prosedurların vasitəsi ilə həll edilir. Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca problemlərdən biri olaraq qalır. Statistikaya görə, Azərbaycanda 800-dən çox vəkil fəaliyyət göstərir ki, bu da əhalinin sayına görə azdır. Həmçinin, dünya standartlarından qat-qat aşağıdır. Yəni, ölkədə hər 12 min nəfərə yaxın adama cəmi 1 vəkil düşür. İnsan hüquqlarının qorunması ilə məşğul olan mütəxəssislərin fikrincə, dünya üzrə orta göstəricinin hər 2 min nəfərə bir vəkil olması normal sayıla bilər. Bu hesabla Azərbaycan vəkillərin sayına görə dünya üzrə orta göstəricidən 6 dəfə geridədir. Azərbaycanda vəkillərin sayı 3500, 4000 olmalıdır. Vəkillərin Azərbaycanda azlıq təşkil etməsi beynəlxalq aləmdə məhkəmə sistemi haqda müsbət rəy yaratmır. Beynəlxalq təşkilatlar Azərbaycanda ildə nə qədər məhkəmə prosesinin və bu proseslərdə nə qədər vəkil iştirak etdiyini müəyyənləşdiriblər. Nəticədə bəlli olub ki, eyni gündə bir vəkil bir neçə məhkəmə prosesində iştirak edir. Bu da Azərbaycanda ədalət mühakiməsinin keyfiyyətinə təsir edən amil kimi qəbul edilir, zəif təşkil olunması təsəvvürünü yaradır. İnkişaf etmiş, məhkəmə hakimiyyətinin güclü olduğu ölkələrdə vəkillərin sayı dünya üzrə orta göstəricidən bir neçə dəfə yuxarıdır. Məsələn, son məlumatlara görə İsraildə hər 175, ABŞ-da 260, İtaliyada isə 280 adama bir vəkil düşür. Azərbaycanda vəkillərin sayı az olsa da, vəkilliyə maraq artır. Digər meyl bundan ibarətdir ki, Azərbaycanda  şikayətlərin 15%-dən çoxu məhkəmə sisteminə aiddir.
Mediasiyanın ən mühüm əhəmiyyətindən biri də onun cəmiyyətdə hüquqi şüur və hüquq mədəniyyətinin formalaşmasına təsir etməsidir. Bu gün Azərbaycanda mediasıyanın mübahisələrin həllinin məhkəmədən kənar metodu kimi qanunverici əsaslarının möhkəmləndirilməsi, mediasiya institutunun hüquq sisteminə inteqrasiyasını intensivləşdirməyə sosial sifariş mövcuddur. Mediasiya mübahisələrin həllində dövlətin öz səlahiyyətlərinin müəyyən hissəsini vətəndaşlarına  ötürməyə və bununla eyni vaxtda cəmiyyətin bu səlahiyyətləri qəbul etməyə hazır və qabil olmasına, qəbul edilən qərarlara görə məsuliyyət daşımasına  imkan verən humanist, eyni zamanda, praqmatik yanaşmadır. Beləliklə də, mediasiya nəinki hüquqi, həmçinin, sosial baxımdan əhəmiyyətli bir institut olduğunu sübut etmişdir. Bu, dünya təcrübəsində mediasiyanın hüquqi mədəniyyətə və ümumuilikdə cəmiyyətə tətbiqinə ildən-ilə artan diqqət və onun inkişafına göstərilən dəstəkdə özünü biruzə verir. Mediasiyanın Azərbaycanda inkişafına təkan vermək üçün ən mühüm tədbirlərdən biri-mediasiyanın institutsionallaşması və qanunvericilik bazasının yaradılmasıdır.
Bir sıra inkişaf etmiş ölkələrin qanunvericiliyində mediasiyanın hüquqi bazası formalaşıb. Həmin ölkələrdə beynəlxalq münasibətlərlə yanaşı siyasi, iqtisadi, ticarət, ailə, məktəb, az ağır cinayətlər və s. sahələrdə mübahisələrin həllində də mediasiyanın tətbiqi genişlənməkdədir. Qanunvericilikdə mediasiyanın tətbiqi: mülki hüquq münasibətlərində yaranan mübahisələrin tənzimlənməsində, eləcə də cinayət-hüquq münasibətlərində -orta ağır  və  xırda cinayət törədildiyi hallarda nəzərdə tutulur. Mediasiyanın tətbiqi ilk növbədə məhkəmələrin həddən artıq  yüklənməsinin qarşısını ala bilər.
Məhz bu qeyd edilən və digər məsələlərin həlli çərçivəsində mediasiyanın ardıcıl və daimi olaraq tətbiqinin zəruriliyi gündəmə gəlmişdir. Beynəlxalq təcrübəyə əsasən, mediasiya institutunun səmərəli tətbiqi mübahisələrin həllinin alternativ yolu kimi bu vəziyyətin aradan qaldırılmasına  ciddi kömək edə bilər.
Qeyd edildiyi kimi, Azərbaycan cəmiyyəti demokratik hüquqi dövlətin inkişafı mərhələsini yaşayır, bu mərhələdə cəmiyyətin bütün sahələrində daimi islahatlar prosesi davam edir. Bazar münasibətlərinə keçid iqtisadi və onunla sıx bağlı olan digər sahələrdə (ticarət, siyasi-hüquqi, məhkəmə və s.) yeni qanunların tətbiq edilməsini, beynəlxalq bəyannamələrə qoşulmağı və ölkə qanunvericiliyində əsaslı dəyişikliklər edilməsini tələb edir.
Müasir dövrdə Azərbaycanda məhkəmə sisteminin yenidən qurulması istiqamətində də geniş islahatlar keçirilir. Böhran və münaqişəli vəziyyətlərin məhkəmədən kənar və məhkəməyə qədər tənzimlənməsi ilə bağlı alternativ həll yollarının seçilməsi məsələsinin xüsusi aktuallıq kəsb etdiyi bir dövrdə ölkəmizdə mübahisələrin alternativ həlli üsullarının, xüsusilə də mediasiyanın tətbiqi bir sıra post-sovet məkanı ölkələri ilə müqayisədə ilkin formalaşma mərhələsindədir və hüquqi əsasları tam formalaşmayıb.
Qeyd etdiyimiz kimi müasir şəraitdə məhkəmə sistemində mübahisə və münaqişələrin alternativ metodlarla tənzimlənməsi xüsusi aktuallıq kəsb edir. Belə ki, mübahisələrin alternativ həll yollarının tətbiq edilməsi insanların hüquq və azadlıqlarının tam təmin edilməsi, onların heç bir təzyiq və məcburiyyət olmadan razılığa gəlməsi və son nəticədə mübahisənin məhkəmə qaydasında həllindən fərqli olaraq əməkdaşlıq münasibətlərinin saxlanması imkanlarını açır. Vasitəçiliyin üstün tərəflərindən biri də odur ki, mübahisə tərəfləri proseduranı müstəqil şəkildə tənzimləmək imkanı əldə edirlər.
Beləliklə, münaqişələrin mediasiya prosedurasında tənzimlənməsi nəticəsində tərəflər arasında əməkdaşlıq münasibətlərinin saxlanması, həmçinin mübahisəyə, münaqişə, yaxud böhrana gətirə biləcək vəziyyətlərin qarşısının alınması əsas məqsədə çevrilir. Təkrarlana biləcək mübahisə, münaqişə, yaxud böhran şəraitində iki qarşılıqlı əlaqəli davranış prinsipi – münaqişənin həlli zamanı tərəflərə müəyyən bir mövqenin məcburi şəkildə qəbul etdirilməsi və münaqişənin sülh yolu həll edilməsi məqsədilə güc tətbiq edilməsinin yolverilməzliyi – əsas götürülür.
Münaqişənin alternativ vasitələrlə tənzimlənməsi yeni, hər bir münaqişə tərəfi üçün qəbul edilə bilən kompromis yolunun tapılmasını nəzərdə tutur. Münaqişələrin alternativ vasitələrlə həlli zamanı əsas qəbul edilən qaydalardan biri odur ki, vasitəçilər münaqişənin mürəkkəbləşməsinə və genişlənməsinə səbəb olmamalıdırlar və münaqişənin tənzimlənməsi itkisiz (zərərə düşmədən) və bütün tərəflərə (mübahisə tərəfləri və mediatora) zərər gətirmədən sona çatmalıdır. Əgər belə bir şərait yaranarsa, tərəflər bu haqda bir-birini xəbərdar etməlidirlər və bir-biri ilə fikir mübadiləsi aparmalıdırlar, mediasiya vasitəsilə razılıq əldə etmədikdə yeni bir tənzimləmə yolu seçməlidirlər.
Mübahisələrin alternativ həlli üsulu kimi mediasiyanın respublikamızda inkişafı üçün onun mahiyyətinin, mövcud dünya təcrübəsinin öyrənilməsi əsasında milli gerçəkliyə tətbiqinin araşdırılması, Azərbaycanın milli qanunvericiliyində, hüquqi praktikasında nəzəri və tətbiqi  aspektlərinin təhlili, mediasiya haqda qanunun hazırlanması və qəbul edilməsi üçün tövsiyə və təkliflərin verilməsi mühüm əhəmiyyət kəsb edərdi.
Mediasiya müasir dünyanın məhkəmə-hüquq sisteminin inkişaf meyllərinə və demokratik  inkişafın çağırışlarına səmərəli və adekvat cavab olan hüquqi praktikadır. İnsan hüquq və azadliqlarina ehtiram və qayğı kimi ali prinsiplər üzərində qərar tutmaqla, mediasiya   ölkəsindən, məhkəmə sistemlərindən və mədəniyyətindən asılı olmayaraq insanların bir-birini anlamasına imkan verən universal hüquqi dialoq dilidir. Qloballaşma dövründə milli qanunvericilik sistemlərinin bəzən bir araya sığmaz göründüyü və beynəxalq münaqişələrin həll edilə bilmədiyi  bir vaxtda, mediasiya-  dialoq üçün məkan yaradan mümkün təmas nöqtəsidir; 
Mediasiya prosesi mövcud münaqişələrin mümkün çoxtərəfli inkişaf istiqamətlərinin qarşısını almağa şərait yaradır, mediasiya prosesində çoxtərəfli tənzimləmə strategiyasının tətbiq olunması münaqişələrin qısa zaman müddətində, daha az maddi itki ilə və əməkdaşlıq münasibətlərinin saxlanması əsasında həllinə şərait yaradır;
Müxtəlif vasitəçilər tərəfindən tənzimlənən mübahisələrin oxşarlığı mediasiya prosedurasının ümumi prinsiplər əsasında keçirilməsini təmin edir. Eyni zamanda, konkret şəraitlə bağlı mediatorun təklifləri mövcud problemlərin həlli ilə bağlı “paket” xüsusiyyətli sənəd kimi mübahisənin mərhələli həllində istiqamətləndirici ola bilər;
Məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində də mühüm addım kimi mübahisə və münaqişələrin alternativ həlli variantı olan və gələcəkdə mübahisə tərəfləri arasında əməkdaşlığın saxlanmasına yönəlmiş mediasiya institutunun inkişaf imkanları beynəlxalq normaların ayrı-ayrı regionlarda adaptasiya xüsusiyyətlərindən asılıdır.  Mediasiya prosedurası müxtəlif tətbiq sahələrindən (ailə, məktəb, ticarət, beynəlxalq və s.) asılı olaraq fərqli mexanizm və xüsusiyyətlərə malik olur ki, bu da ayrı-ayrı sahələrlə bağlı mütəxəssis mediatorların formalaşması tələbatını yaradır. Hüquqi maarifləndirmə mediasiya institutunun inkişafının əsas aspekti kimi onun geniş istifadəsinə şərait yarada bilər;
Vasitəçilik (mediasiya) institutunun araşdırılması nəticəsində belə bir nəticə əldə edilir ki, mübahisələrin alternativ həlli vasitəsi kimi mediasiya prosedurunun tətbiqi müasir dövrdə xüsusi aktuallıq kəsb edir, həmçinin beynəlxalq təcrübədə mediasiya institutunun yeni inkişaf meylləri nəzərə çarpır. Münaqişələrin məhkəməyə qədər və məhkəmədən kənar həlli vasitəsi olan mediasiya çərçivəsində müxtəlif növ mübahisələrin (ailə, əmək, məktəb, beynəlxalq, siyasi, iqtisadi və s.) tənzimlənməsi iqtisadi cəhətdən daha qənaətcil, mübahisə tərəfləri arasında əməkdaşlıq münasibətlərinin saxlanmasına yönəldiyi üçün psixoloji cəhətdən daha əhəmiyyətlidir.
Vasitəçilik institutu əvəzedilməz metod kimi dövlətlərarası münasibətlərin tənzimlənməsində də böyük təsirə malikdir. Son dövrlərdə beynəlxalq təşkilatlar, nüfuzlu siyasi xadimlər beynəlxalq mübahisələrin sülh yolu ilə həllində mediator rolunda çıxış edərək mümkün münaqişələrin qarşısını almağa nail olurlar.   
Hesab edirik ki, Mediasiya haqqında milli qanunvericiliyin hazırlanması və qəbulu, peşəkar mediatorların hazırlanması, ümumiyyətlə, mübahisələrin məhkəmədən kənar həllinə yönəlmiş  hüquq siyasətinin bu istiqamətdə daha da intensivləşdirilməsinə böyük zərurət var.
Natiq Abdullayev,
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru,
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi