Haqqımızda

Haqqımızda

İNKİŞAF İSLAHATDAN BAŞLANIR
 
 
Natiq Abdullayev

 
1993-cü ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında gənc, müstəqil respublikamızın dövlət suverenliyinin, iqtisadi qüdrətinin möhkəmləndirilməsi, ölkədə vətəndaş cəmiyyətinin qurulması və inkişaf etdirilməsi məqsədilə geniş miqyaslı islahatlar həyata keçirilməyə başlandı. Dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində aparılan iqtisadi, sosial, mədəni islahatlarla yanaşı, hüquqi islahatlar da, təbii ki, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun prioritet prinsiplərindəndir.
Müstəqilliyini yenicə qazanmış respublikanın dünya birliyinə inteqrasiya yoluna qədəm qoyması, ölkə iqtisadiyyatına xarici sərmayənin cəlb olunması, demokratik, vətəndaş cəmiyyətinin qurulması üçün, ilk növbədə, cəmiyyət həyatının bütün sahələrinə aid olan hüquqi islahatların düzgün istiqamətdə aparılması və inkişaf etdirilməsi zəruri əhəmiyyət daşıyır. Bunu inkişaf etmiş dövlətlərin təcrübəsi də göstərir.
12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduqdan sonra ölkədə hüquqi islahatlar daha da sürətləndi, qanunvericilik bazasının təkmilləşdirilməsi, struktur islahatlarının aparılması və s. məsələlər yeni keyfiyyət mərhələsinə qədəm qoydu. Ötən əsrin 90-cı illərindən əsası qoyulan hüquqi islahatların aparılması ilə demokratik, dünyəvi dövlət quruculuğundan tutmuş müasir dünya birliyinə inteqrasiya, azad vətəndaş cəmiyyətinin formalaşması, məhkəmə hakimiyyətinin qanunauyğun fəaliyyətinin təmin olunması, insan, vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi və dövlət tərəfindən qorunması kimi prinsipial məsələlərin konseptual həlli istiqamətləri müəyyənləşdirildi.
Azərbaycan dövləti tərəfindən islahatlar, o cümlədən, hüquqi islahatlar bu gün də davam etdirilir. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin daimi və mütərəqqi inkişafını təmin etmək üçün hüquqi islahatların (o cümlədən məhkəmə-hüquq islahatlarının) ardıcıl davam etdirilməsi zəruridir. Bu prosesdə vətəndaş cəmiyyətinin ayrı-ayrı strukturlarının fəal iştirakı, dövlət siyasətinin cəmiyyətə çatdırılması, təbliği üçün ictimai təşkilatların məqsədyönlü iş aparması müsbət rol oynayır. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatların konstruktiv fəaliyyəti əhəmiyyətlidir. Cəmiyyətin ayrı-ayrı sahələri üzrə dövlət siyasətinin təkmilləşdirilməsi, geniş təbəqələrin maarifləndirilməsi işində ictimai təşkilatların fəaliyyəti də dövlət qayğısı ilə əhatə olunmuşdur.

HİYM HANSI ZƏRURƏTDƏN YARANDI?
Cəmiyyət həyatının ən müxtəlif sahələri üzrə ixtisaslaşmış ictimai təşkilatlar beynəlxalq təcrübənin öyrənilərək əhali arasında maarifləndirmə işlərinin aparılmasında, dövlət siyasətinin bu və ya digər sahədə dəstəklənməsində, proqramların hazırlanaraq həyata keçirilməsində fəal iştirak edirlər. İnsan hüquqlarının qorunması, hüquqi biliklərin yayılması və əhalinin maarifləndirilməsi sahəsində də bir çox ictimai təşkilatlar fəaliyyət göstərirlər, onların bəzilərinin uğurlu nəticələri vardır.
Eyni zamanda, araşdırmalar göstərir ki, bütövlükdə hüquqi islahatların planlaşdırılması, hüquqi islahatlar sahəsində dövlət proqramlarının dəstəklənməsi məqsədilə ixtisaslaşmış müstəqil qurumların yaradılmasına və fəaliyyətinə zərurət vardır. Hüquqi İslahatlara Yardım Mərkəzinin (HİYM) İctimai Birliyinin yaradılması və fəaliyyətə başlaması da bu zərurətdən irəli gəlmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yaradılan HİYM-in əsas məqsədi:
beynəlxalq təcrübəyə və normalara uyğun şəkildə respublikada hüquqi islahatların reallaşmasına yardım proqramları hazırlamaq,
öz əməli fəaliyyəti ilə bu islahatlara yardım etmək;
aparılan hüquqi islahatların daha səmərəli nəticələr verməsi üçün müvafiq təbliğat işlərini aparmaq,
milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində təkliflərlə çıxış etmək,
arbitraj və mediasiya institutunun təşkili vasitəsilə, beynəlxalq təcrübədə mövcud olan mübahisələrin məhkəmədənkənar həlli üsullarının respublikamızda tətbiqinə nail olmaq,
hüquq təhsili və tədrisi məsələlərinin təkmilləşdirilməsinə, eləcə də təcrübi hüquqşünaslığın formalaşmasına nail olmaq üçün elmi və analitik araşdırmalar aparmaqdır.
Göründüyü kimi, mərkəzin əsas məqsədləri kimi sadalanan məsələlər digər təşkilatlar tərəfindən diqqət mərkəzindən nisbətən kənarda qalan problemlərdir. Hüquqi İslahatlara Yardım Mərkəzi fəal vətəndaşlıq və sırf peşəkarlıq mövqeyindən çıxış edərək, bütövlükdə cəmiyyət həyatını əhatə edən hüquqi islahatların keyfiyyətcə yeni mərhələdə davam etdirilməsinə öz töhfəsini vermək əzmindədir. İqtisadi inkişaf sahəsinin qabaqcıl dünya dövlətlərinin bir neçə onilliklər müddətində keçdiyi yolu cəmi bir neçə il ərzində qət edən Azərbaycan Respublikası öz inkişafının elə mərhələsindədir ki, artıq vətəndaş cəmiyyətinin bərqərar olmasına təkan verən müstəqil hüquq institutlarının ölkəmizdə yaradılması və inkişaf etdirilməsi zərurəti yaranmışdır. HİYM məhz bu cür aktual problemlərin aşkarlanaraq həll olunması, dövlət strukturlarının diqqətinin bu sahələrə yönəldilməsi, mübahisələrin məhkəmədənkənar həllinin arbitraj, mediasiya və digər yolları kimi beynəlxalq hüquq institutlarının ölkəmizdə populyarlaşdırılması istiqamətində fəaliyyət göstərməyi qarşısına məqsəd qoymuşdur.

HƏYATA KEÇİRİLMƏLİ TƏDBİRLƏR
HİYM qarşısına qoyduğu məqsədləri həyata keçirmək üçün aşağıdakı istiqamətlərdə daha ardıcıl və məqsədyönlü işlər aparacaqdır:
hüquqi islahatlarda, idarəçilikdə innovasiyaların tətbiqi, innovasiya layihələrinin hazırlanması və həyata keçirilməsinin dəstəklənməsi;
innovasion cəmiyyətin formalaşmasının hüquqi əsaslarının yaradılması və möhkəmləndirilməsi;
məhkəmə-hüquq islahatları çərçivəsində vətəndaş cəmiyyətinin inkişafının mühüm amillərindən biri olaraq mübahisələrin məhkəmədənkənar alternativ vasitələr- mediasiya, konsiliasiya, arbitraj vasitəsilə həlli üsulları barədə beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə nail olmaq;
hüquqşünas kadrların peşəkarlığının artırılması, xüsusən, özəl sahələrdə çalışan hüquqşünasların ixtisasartırma kurslarına cəlb edilməsi, ali məktəblərin yuxarı kurslarında oxuyan və yaxud ali məktəbləri yenicə bitirmiş məzunların praktiki hüquqşünaslıq vərdişlərinə yiyələnməsi, yüksək ixtisaslı kadrların yetişdirilməsi;
hüquqi islahatların təkmilləşdirilməsinə dəstək vermək məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi; beynəlxalq mütəxəssislərin cəlb edilməsi ilə yeni qanun layihələrinin hazırlanması, qanunvericilik təşəbbüsləri ilə çıxış etmək.
Qarşısına qoyduğu məqsədlərə çatmaq üçün HİYM-in nəzdində Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi; Hüquqi İnnovasiya İnkişaf Mərkəzi; Hüquq Təlim-Tədris Mərkəzi kimi əsas fəaliyyətinə uyğun üç istiqamətdə müstəqil qurumlar yaradılmışdır:
Şübhəsiz ki, bu məqsədlərə nail olmaq üçün beynəlxalq təcrübənin öyrənilməsi və öz fəaliyyətimizdə tətbiq edilməsinin müsbət səmərə verə biləcəyini düşünürük. Bu istiqamətdə mütəxəssislərimiz ciddi araşdırmalar aparırlar. Həmçinin, Mərkəz öz fəaliyyətində hüquqi islahatların, innovasiya layihələrinin həyata keçirilməsi ilə məşğul olan dövlət qurumları və ictimai təşkilatlarla ciddi əməkdaşlıq əlaqələri qurur.
Hüquqi İslahatlara Yardım Mərkəzi fəaliyyətə başladığı qısa müddət ərzində qarşısına qoyduğu məqsədlərə çatmaq üçün öz daxili imkanları hesabına müəyyən tədbirlər görmüşdür. Belə ki, mütəxəssislərimizin hazırladığı 2000-ə yaxın hüquqi termini əhatə edən izahlı “Rusca-azərbaycanca hüquq lüğəti” və “Vərəsəlik: Normativ aktlar, Qərarlar, Şərhlər (1923-2000-ci illər)” kitabları bu günlərdə kütləvi tirajla nəşr edilərək artıq oxucuların ixtiyarına verilmişdir.

MÜBAHİSƏLƏRİN ALTERNATİV ÜSULLARLA HƏLLİ SAHƏSİNDƏ
Mərkəz qarşısına mübahisələrin alternativ həlli ilə əlaqədar olan digər üsullarla konsaltinq xidmətlərinin və bu kimi kitabların hazırlanmasında və nəşrində əsas məqsəd vətəndaşların hüquqi cəhətdən maarifləndirilməsi işlərinə kömək etməkdir.
“Mediasiya mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu kimi” kitabı da hazırlanmışdır və yaxın günlərdə kütləvi tirajla çapdan çıxacaqdır.
Azərbaycan dövləti tərəfindən son 10 ildə aparılan məhkəmə-hüquq islahatları nəticəsində ölkənin məhkəmə sistemi keyfiyyətcə xeyli dəyişilmiş, məhkəmə sistemi struktur baxımından yeniləşmişdir. İstər yerli, istərsə də xarici investorların iqtisadi fəaliyyət zəminində yaranmış mübahisələrinin həllində, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının qorunmasında dövlət məhkəmələri üzərinə düşən ədalət mühakiməsi funksiyalarını yerinə yetirirlər. Eyni zamanda, qloballaşan dünyaya inteqrasiya edən Azərbaycan Respublikasında mübahisələrin alternativ həlli üsullarının tətbiq edilməsi də günün tələbidir. Məlum olduğu kimi, ən təkmil və inkişaf etmiş ədalət mühakiməsi sistemləri olan ölkələrdə mübahisələrin məhkəmədənkənar, alternativ üsullarla həlli metodları geniş tətbiq olunur, arbitraj və mediasiya kimi vasitələr institusional formada inkişaf edirlər.
İlk növbədə HİYM Azərbaycanda son beş ildə mübahisələrin məhkəmədənkənar, arbitraj yolu ilə həlli istiqamətində atılan addımların davam etdirilməsi və təkmilləşdirilməsi üçün müəyyən işlər görmüşdür. Yeri gəlmişkən qeyd edək ki, Hüquqi İslahatlara Yardım Mərkəzi əməkdaşlarının mübahisələrin alternativ üsullarla həlli sahəsində kifayət qədər nəzəri və təcrübi bilikləri vardır. Belə ki, HİYM-in təsisçiliyi ilə, hüquq varisliyi qaydasında yenidən təşkil olunaraq, hazırda “Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi” adlanan “İnternational Commercial Arbitraton” Cəmiyyəti 2002-ci ildən yaradılmış və fəaliyyətə başlamışdır. “İnternational Commercial Arbitraton” Cəmiyyəti “Beynəlxalq Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 11 noyabr 2003-cü ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsini təsis etmiş, BKAM-ın arbitrlərini seçmiş, BKAM-ın katibliyini və aparatını təşkil etmiş, BKAM-ın Əsasnaməsini təsdiq etmişdir.
2008-ci ildə “İnternational Commercial Arbitration” Cəmiyyəti hüquqi varislik qaydasında Hüquqi İslahatlara Yardım Mərkəzinin təsisçiliyi ilə yenidən dövlət qeydiyyatına alınmaqla, adı dəyişdirilərək “Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi” kimi yenidən təşkil olunmuşdur. Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin hüquqi varisi olduğu “İnternational Commercial Arbitration” Cəmiyyəti fəaliyyəti dövründə, həmçinin, 2004-2007-ci illərdə müstəqil surətdə Azərbaycanda arbitraj ideyasının fəal təbliğatçısı olmuş, nəzdində yaradılmış Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyətinin təşkili və inkişafı istiqamətində əməli tədbirlər görmüşdür. BKAM Almaniya, Rumıniya, Misir, Türkiyə, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Avstriya və s. kimi beynəlxalq arbitraj və mediasiya sahəsində zəngin təcrübəsi olan ölkəLƏRdə fəaliyyət göstərən analoji qurumlarla qarşılıqlı əməkdaşlıq sazişləri bağlamış, müxtəlif formatda bu əlaqələrini inkişaf etdirir. “İnternational Commercial Arbitration” Cəmiyyəti 2003-2008-ci illərdə beynəlxalq arbitraj sahəsində 2 kitab, 4 broşür (Azərbaycan, ingilis və rus dilərində) buraxmış, öz daxili imkanları hesabına “ARBİTRAj” qəzetini nəşr etdirmişdir.
Hazırda BKAM-ın icraatında iqtisadi mübahisələrə dair bir neçə iş vardır ki, bu da mübahisələrin həllinin alternativ üsullarına sahibkarların inamının nəticəsidir.
İndi HİYM nəzdində fəaliyyət göstərən Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi arbitraj və mediasiya sahəsində beynəlxalq əlaqələrini davam etdirir, xüsusən, iqtisadi mübahisələrin alternativ həlli üsullarının ölkəmizdə təbliğində fəal iş aparır, həmçinin, müstəqil arbitraj və mediasiya qurumu kimi beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edir.

QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİ
SAHƏSİNDƏ TƏŞƏBBÜSLƏR
Mərkəzin əməkdaşları tərəfindən beynəlxalq təcrübəyə və milli qanunvericilik bazasına əsaslanmaqla “Mediasiya (vasitəçilik) haqqında” və Münsiflər məhkəməsi haqqında Qanun layihələri hazırlanır. Yaxın vaxtlarda yeni layihələr müvafiq dövlət qurumlarına və ictimaiyyətin müzakirəsinə təqdim ediləcək.
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində də HİYM orijinal tədbirlərin həyata keçirilməsini planlaşdırır. İlk növbədə müxtəlif qanunvericilik aktlarının günün tələbləri və beynəlxalq təcrübəyə müvafiq səviyyədə təkmilləşdirilməsi üçün artıq 10-a yaxın təkliflə Azərbaycan Respublikasının Milli Məclisinə, Prezidentin İcra Aparatına, Nazirlər Kabinetinə müraciətlər təqdim olunmuşdur. Dəyişən cəmiyyətdə qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətimizin, müvafiq qurumların daim diqqət mərkəzindədir. HİYM də öz əməkdaşlarının və digər mütəxəssislərin praktiki fəaliyyəti, ayrı-ayrı şəxslərin, dövlət, ictimai və özəl təşkilatların müraciətləri əsasında aşkar olunan problemli məsələlərin vaxtında və peşəkarlıqla həllini tapması üçün əsaslandırılmış təkliflər hazırlayaraq müvafiq orqanlara təqdim edir. Ümumiyyətlə, yeni qanunların hazırlanmasında və qüvvədə olan qanunların təkmilləşdirilməsində iştirak etmək, ayrı-ayrı qanunların, normativ-hüquqi aktların tətbiqi mexanizminin səmərəliliyini öyrənmək, qanunvericiliyin tətbiqi təcrübəsindəki nöqsanların aradan qaldırılmasında fəal iştirak etmək HİYM-in fəaliyyətinin əsas istiqamətlərindən biridir.


PEŞƏKARLIQ TƏCRÜBƏDƏ ARTIR

HİYM respublika hüquqşünaslarının qüvvəsini cəmiyyətin daha da demokratikləşdirilməsi prosesinə, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, cəmiyyətin mənafeyinin mühafizəsinə, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi və genişləndirilməsinə səfərbər etmək niyyətindədir. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunmasında beynəlxalq təcrübənin öyrənilməsi, hüququ pozulmuş şəxslərin Avropa İnsan Hüquqları Məhkəməsinə daha asan şəkildə müraciət etməsinə yardım, bütövlükdə hüquqi yardımın təkmilləşdirilməsinə çalışmaq mərkəzin davamlı fəaliyyət sahələrindən biridir. Mərkəzin fəaliyyət istiqamətlərindən biri də hüquqşünas peşəsinin nüfuzunun artırılması, hüquqşünasların peşə hazırlığının, peşə etikasının təkmilləşdirilməsi, xüsusən, vəkillərin və nümayəndəlik fəaliyyəti ilə məşğul olan praktiki hüquqşünasların müxtəlif sahələr üzrə ixtisaslaşmasına yardım göstərməkdir.
Hazırda mərkəzin mütəxəssislər qrupu qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir beynəlxalq hüququn və beynəlxalq əlaqələrin əsas xüsusiyyətlərini, beynəlxalq hüququn və beynəlxalq təcrübənin ən yeni innovasion üsullarını araşdırır. Beynəlxalq hüquq ittifaqları və təşkilatlarla birbaşa əlaqələrin yaradılması, beynəlxalq səviyyəli ekspertlərlə qarşılıqlı əməkdaşlığın qurulması da mərkəzin önəm verdiyi məsələlərdəndir. Bu məqsədlə mərkəzin əməkdaşlarının xarici ölkələrə ezam olunması, xarici mütəxəssislərin ölkəyə dəvət olunması, beləliklə fəal təcrübə mübadiləsi aparılmasına diqqət yetirilir.

NATIQ ABDULLAYEV,
Hüquqi İslahatlara Yardım Mərkəzinin sədri