Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktoru Sara Həsənovaya

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktoru Sara Həsənovaya

 

 

 

 

“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktoru

Sara Həsənovaya

Hörmətli Sara xanım,

Məlumunuz olduğu kimi, əsası Ümumilli Liderimiz, Möhtərəm Heydər Əliyev tərəfindən qoyulan uğurlu iqtisadi islahatlar bu gün də Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Aparılan uğurlu islahatlar sahibkarlığın inkişafını stimullaşdırmışdır.

Nəzərə çatdırmağı zəruri hesab edirik ki, “Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyi tərəfindən daim sahibkarların maarifləndirilməsi istiqamətində zəruri təlimlər və digər maarifəndirici tədbirlər keçirilmiş və hazırda da bu kimi tədbirlər davam etdirilməkdədir.

Sahibkarlıq subyektlərin iş fəaliyyət sahələrini tənzimləyən qanunvericilik aktlarının praktiki realizasiyası üzrə aparılan hüquqi maarifləndirmə təlimləri zamanı aşağıda göstərilən məsələnin praktiki tətbiqi təcrübəsində fikir ayrılıqları, qeyri-müəyyənliklər yarandığından hazırkı məktubla Sizə müraciət olunmasına zərurət yaranmışdır.

Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 142 nömrəli, 25.09.2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən, bu Qayda yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsini tənzimləyir.

Müvafiq normativ-hüquqi aktlarda ehtiva olunmuş əsas anlayışların tələblərinə görə sanitar-epidemioloji ekspertizanın nəticələri əsasında məhsulların təhlükəsizlik tələblərinə uyğunluğu barədə müvafiq səlahiyyətli orqan tərəfindən verilən sənəd-gigiyenik sertifikat hesab edilir ki, bu sertifikatın da forması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda istinad olunan qərarı ilə təsdiq olunmuşdur.

Qanunvericiliyin tələblərinə əsasən, qida yararlılığı minimum keyfiyyət tələblərinə uyğunluğu əsaslandırılmaqla, məhsulun istifadəyə yararlı olması barədə zəmanəti, qida məhsullarının yararlılıq müddəti ilə istehsalçı tərəfindən müəyyən edilmiş və daşıma, saxlama, istifadə, istehlak qaydalarına əməl edilməklə, qida məhsulunun öz spesifik xüsusiyyətlərini saxladığı müddəti ehtiva edir.

 

Hörmətli Sara xanım,

Məlumunuz olduğu kimi, yuxarıda istinad olunan qərarla təsdiq olunmuş “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”nın 2.21-ci bəndinə əsasən sözügedən sertifikat ölkə ərazisində istehsal olunan yeyinti məhsullarına 1 (bir) il müddətinə, xarici dövlətlərdən ölkə ərazisinə idxal olunan yeyinti məhsullarına (məhsul partiyasına) isə 6 (altı) ay müddətinə verilir.

Onu da qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikasının NK-nin eyni tarixli, eyni nömrəli qərarı ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nda təsdiq olunmuşdur. Bu Qaydanın 2.9-cu bəndində uyğunluq sertifikatının məhsulun yararlılıq müddətinin sonunadək verildiyi nəzərdə tutulmuşdur.

Hörmətli Sara xanım,

Heç şübhəsiz ki, ölkə ərazisində istehsal olunmuş qeyri-yeyinti (qeyri-qida) məhsulunun yararlılıq müddəti öz spesifik xüsusiyyətlərini saxladığı müddətə mütənasib olaraq fərqli müddətlərdə (məsələn, 1 ay, 2 ay, 6 ay və ya 2 il və s.) ola bilər.

Hesab edirik ki, məhsula verilən gigiyenik sertifikatın müddətinin istehsal və ya idxal olunan məhsulun yararlılıq müddətinin sonunadək deyil, konkret müddətə, yəni 1 (bir) il müddətinə verilməsi, sözügedən hüququn praktiki tətbiqində problemlərə yol aça bilər. Belə ki, aidiyyati dövlət orqanının yoxlayıcısı yararlılıq müddəti 2 (iki) il olan qeyri-yeyinti (qeyri-qida) məhsulunu ticarət şəbəkələrindən, məhz bu məhsula görə verilmiş gigiyenik sertifikatın qüvvədə olma müddətinin 1 (bir) il müəyyən edilməsi əsası ilə satışdan çıxara bilər.

Yuxarıda göstərilənləri, eləcə də yaranmış zərurəti nəzərə alıb, 1 (bir) il müddətinə verilmiş gigiyenik sertifikatın, bu sertifikatın verildiyi və yararlılıq müddəti 1 (bir) ildən çox olan qeyri-yeyinti (qeyri-qida) məhsullarına dair qüvvədə olub-olmamasına müfəssəl izahın verilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verməyinizi Sizdən xahiş edirik.

Göstərəcəyiniz köməkliyə görə əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk.

 

 

Hörmətlə

İdarə heyətinin sədri:                      N. Abdullayev

legalreform.az