Məhkəmə hüquq islahatları və mediasiyanın inkişaf perspektivləri

Məhkəmə hüquq islahatları və mediasiyanın inkişaf perspektivləri

Natiq Abdullayev,
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru, AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun dissertantı

 

 

Məhkəmə hüquq islahatları və mediasiyanın inkişaf perspektivləri

Müasir dövrdə demokratik dövlət quruculuğunun inkişafı dünya hüquq məkanına
inteqrasiyadan, mütərəqqi və çevik hüquqi mexanizmlərin yaradılması və tətbiqindən bilavasitə
asılıdır. Müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə
yenidən qurulmuşdur. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə
mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyulmuşdur. Ardıcıl şəkildə həyata keçirilən
islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı
qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlmişdir. Eyni
zamanda, istər dünya təcrübəsində tətbiq edilən hüquqi novasiyalar, istərsə də, cəmiyyətimizin
dinamik inkişafı və ölkə həyatındakı mühüm yeniliklər hüquq sistemində də əsaslı dəyişikliklər
və yeniləşmələrin həyata keçirilməsini tələb edir.
Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük nailiyyətlər əldə
etmiş, miqyaslı məhkəmə-hüquq islahatlarını həyata keçirmiş, vətəndaş cəmiyyətinin tələblərinə
cavab verən hüquqi təsisatları formalaşdırmışdır. Demokratik-hüquqi dövlətin əsaslarının
yaradılması və vətəndaş cəmiyyətinin qurulması proiritet məsələ kimi bəyan edilmişdir. Milli
qanunvericilik sistemi beynəlxalq hüquq normalarına əsaslanır. Ümummilli lider Heydər
Əliyevin qeyd etdiyi kimi: “Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin
bilavasitə iştirakı ilə hazırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və
toxunulmazlığına, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə
və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat almışdır”.

2
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məhkəmə-hüquq islahatlarının
mahiyyətini vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması
mexanizmlərinin təkmilləşdirilməsi təşkil edir. Dövlət başçısının qeyd etdiyi kimi: “Son illər
ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir.
Qanunun aliliyinin təmin edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir.
Ölkənin gücü təkcə iqtisadi artımla deyil, həm də insanların ölkədə azad şəkildə yaşamasından,
demokratiyanın inkişafından asılıdır. Azərbaycan dünya birliyinə inteqrasiya yolunu seçib,
müasirləşir və zənginləşir. Siyasi islahatlar, məhkəmə-hüquq sistemində islahatlar paralel şəkildə
aparılır və aparılmalıdır“.
Dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatların üzvü olmaq dövlətlərarası
əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla, həm də milli qanunvericiliyin
təkmilləşdirilməsinə xidmət edən mühüm amilə çevrilmişdir. Respublikamızda pakta sunt
servanda (müqavilələr icra olunmalıdır) prinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin
yerinə yetirilməsi prosesi vacib hesab edilir. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi
məqsədilə görülən tədbirlərin bir hissəsi də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi,
məhkəmə sisteminin müasirləşdirilməsinə xidmət edir.
Avropa hüquq məkanında artıq xeyli müddətdir ki, tətbiq edilən mediasiya
prosedurunun üzv ölkələrdə də geniş yayılması mühüm yeniliklərdən biri kimi məhz bu
baxımdan aktuallıq kəsb edir. Müasir şəraitdə mübahisələrin səmərəli həlli məqsədilə üçüncü
tərəfin müdaxiləsi zərurətə çevrilmişdir. Hazırda hüquqi, siyasi-diplomatik vasitə kimi mediasiya
münaqişələrin uğurlu həlli yolu hesab edilir və qabaqcıl ölkələrdə mediasiya institutunun
inkişafına geniş şərait yaradılır.
Hələ 1899 və 1907-ci illərdə qəbul edilmiş Haaqa Bəyannaməsində, sonra isə BMT
Nizamnaməsinin 33-cü maddəsində vasitəçilik mübahisələrin alternativ həlli metodu kimi qəbul
edilmişdir. XX əsrin 90-cı illərində dünyada soyuq müharibənin sona çatması, beynəlxalq, yaxud
dövlətlərarası münaqişə və mübahisələrin tənzimlənməsində mediasiyanın geniş tətbiq
edilməsinin əsas şərtlərindən biri oldu. Mövcud ideoloji qarşıdurmanın sona çatması nəticəsində
BMT-nin vasitəçilik cəhdləri genişləndi və regional təşkilatların müvafiq imkanlarının
möhkəmlənməsinə şərait yarandı.
Mediasiya müasir dövrdə olduqca intensiv inkişaf edən sahədir və beynəlxalq birlik
tərəfindən mübahisələrin həllinin müasir dövrün çağırışlarına cavab verən, insanların hüquqi
dövlətdə birgəyaşayış tələblərinə və özünüreallaşdırmasına uyğun gələn, universal üsulu kimi
qəbul edilir. Mediasiya mürəkkəb tarixi təkamül yolu keçərək, qarşıdurma və mübahisələrin
aradan qaldırılmasının elə bir metodu kimi formalaşmışdır ki, tərəflərin vəziyyətdən çıxış

3
yolunu axtarmasında özlərinin fəal və maraqlı olmalarını şərtləndirir, buna nail olmaq üçün
qüvvə və nüfuzlarından istifadə etməyə sövq edir. Ən vacibi mübahisələrin opponentin ziyanına
və onun hesabına həll edilməsi prosesi olmayıb, əksinə, tərəflərə öz maraq və hüquqlarını təmin
etmək üçün bərabər imkanlar verir.
Mediasiya praktikası Qərb ölkələrində geniş yayılmışdır. Mediasiya mübahisədə olan
tərəflərin arasında qarşlıqlı konsensusa əsaslanan və hər iki tərəfi qane edən dərk edilmiş qərara
gəlmək yoludur. Mediasya mübahisələrin həlli prosedurunda üçüncü tərəfin-mediatorun
iştirakını nəzərdə tutur və vasitəçiliyin özünəməxsus bir formasıdır. Mediasiyanın uğurla başa
çatacağı təqdirdə nə qalib, nə də məğlub tərəf olmur. Mübahisədə olan bütün tərəflər udur.
Mediator- mübahisə edən tərəflərin məhkəməyə müraciət etdikləri halda vasitəçi şəxs kimi qəbul
etdikləri və tərəfləri barışdıra biləcək ümumi razılığın əldə edilməsinə nail ola bilən fiziki şəxsə
deyilir. Mediator nə hökm verən hakim, nə də arbitr deyl, mediator tərəflərin konsensusa
gəlməsinə nail olan vasitəçidir.
Mediasiya institutunun Azərbaycanda yaranması və tətbiqi zərurətini nə ilə
əsaslandırmaq olar? Burada bir neçə amili vurğulamaq yerinə düşər.
Qeyd edildiyi kimi, Avropa Şurasının və digər çoxsayı mötəbər beynəlxalq təşkilatların
üzvü olan Azərbaycanda vahid hüquq məkanının yaradılması, beynəlxalq qanunvericiliyin
unifikasıyası mövcud mütərəqqi hüquqi praktikaların ölkəmizdə tətbiq edilməsini gündəmə
gətirir.
Mediasiya tolerantlıq və konsensus institutu kimi adətən dialoq və ünsiyyət
mədəniyyətinin yüksək olduğu cəmiyyətlərdə daha intensiv inkişaf edir. Azərbaycan dialoqun
yüksək inkişaf etdiyi ölkə kimi tanınır. Azərbaycan tarixən elə cəmiyyət olmuşdur ki, burada
ictimai rəy, ictimai qınaq, mübahisəli məsələlərin ağsaqqalların iştirakı ilə, məsləhətləşmələrlə
həlli tarixən qədim köklərə malikdir. Buna görə də ölkədə mübahisələrin məhkəməyə qədərki
həlli praktikasının fəal tətbiqi imkanları böyükdür. Belə ümumi qənaət mövcuddur ki,
“Mediasiya bütün hüquqi cəmiyyətin gələcəyinin institutudur”. Mediasiya institutu bu gün nəinki
məhkəmə-hüquq sistemi, eləcə də bütövlükdə hüquqi dövlət və cəmiyyət üçün vacib və aktual
məsələdir. Cəmiyyətdə insanlar təşəbbüslərini öz üzərlərinə götürməli, dialoq və barış şəraitində
yaşamağı öyrənməlidirlər. Azərbaycan müasir dünyanın hüquqi praktikasında mövcud olan
başlıca meyllərin tətbiqinə, vətəndaş cəmiyyəti qurumlarının daha da inkişaf etdirilməsinə,
müstəqil məhkəmə sisteminə dayanan hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsinə
yönəlmiş siyasətini həyata keçirir. Müstəqillik illərində həyata keçirilmiş məhkəmə-hüquq
islahatları, toplanmış əvəzsiz təcrübə, dinamik və mütərəqqi institut olan mediasiyanın hüquqi
mədəniyyətə və ictimai həyata inteqrasiyası üçün möhkəm təməl rolunu oynayır.

4
Müstəqil Azərbaycanın vətəndaşları məhkəmə hüquq sisteminə öz tələbləri ilə daha çox
mütaciət etməyə başlamışdırlar və artıq 2000-ci ildən sonrakı dövrdə - buvaxtadək məhkəmə
sisteminin olduqca yüklənməsi reallıqdır. Belə hallarda qanunçuluğun keyfiyyətinin təminatı
məsələsi gündəmə gəlmişdir. Bir məqamı vurğulamaq kifayətdir ki, son dövrlərədək Bakı
şəhərinin rayonlarında hakimlərin icraatında bir ildə 500-dən çox mülki, 150-dən artıq cinayət və
digər işlərin olması faktı hakimlərin nə qədər gərgin iş şəraitində işlədiyinin bariz göstəricisidir.
Belə olan halda hər hakim bir gündə 10-larla işə baxmaqla insan taleyi baxımından həlledici
qərarlar qəbul etməlidir. Məhz bu səbəbdən də hakimlərin baxdığı işlər üzrə məhkəmə
araşdırması bəzən səthi olur, vaxtın azlığı tam və obyektiv məhkəmə araşdırmasının
aparılmasına imkan vermir. Apelyasiya şikayətlərinin çoxluğu bir çox hallarda birinci instansiya
məhkəmələrində işlərə ədalətli və obyektiv baxılmaması ilə bağlı olur. Bu isə müəyyən hallarda
əsassız və qanunsuz məhkəmə aktlarının qəbuluna gətirib çıxarır.
Dövlət başçısı İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında
məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanı
Respublikanın məhkəmə sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi yönündə mühüm
addımlardan biri oldu. Digər, 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri
hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi
haqqında" fərmanı ilə Respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırılmışdır.
Görülən məqsədyönlü tədbirlərlə yanaşı, Azərbaycanda hər vətəndaşa düşən hakimlərin sayı
Avropa ölkələrindəki göstəricilərlə müqayisədə çox aşağıdır. Avropa ölkələrində mübahisələrin
80 faizi barışdırıcı prosedurların vasitəsi ilə həll edilir. Məhkəmələrdə hakimlərin sayca
azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində
başlıca problemlərdən biri olaraq qalır. Statistikaya görə, Azərbaycanda 800-dən çox vəkil
fəaliyyət göstərir ki, bu da əhalinin sayına görə azdır. Həmçinin, dünya standartlarından qat-qat
aşağıdır. Yəni, ölkədə hər 12 min nəfərə yaxın adama cəmi 1 vəkil düşür. İnsan hüquqlarının
qorunması ilə məşğul olan mütəxəssislərin fikrincə, dünya üzrə orta göstəricinin hər 2 min nəfərə
bir vəkil olması normal sayıla bilər. Bu hesabla Azərbaycan vəkillərin sayına görə dünya üzrə
orta göstəricidən 6 dəfə geridədir. Azərbaycanda vəkillərin sayı 3500, 4000 olmalıdır. Vəkillərin
Azərbaycanda azlıq təşkil etməsi beynəlxalq aləmdə məhkəmə sistemi haqda müsbət rəy
yaratmır. Beynəlxalq təşkilatlar Azərbaycanda ildə nə qədər məhkəmə prosesinin və bu
proseslərdə nə qədər vəkil iştirak etdiyini müəyyənləşdiriblər. Nəticədə bəlli olub ki, eyni gündə
bir vəkil bir neçə məhkəmə prosesində iştirak edir. Bu da Azərbaycanda ədalət mühakiməsinin
keyfiyyətinə təsir edən amil kimi qəbul edilir, zəif təşkil olunması təsəvvürünü yaradır. İnkişaf

5
etmiş, məhkəmə hakimiyyətinin güclü olduğu ölkələrdə vəkillərin sayı dünya üzrə orta
göstəricidən bir neçə dəfə yuxarıdır. Məsələn, son məlumatlara görə İsraildə hər 175, ABŞ-da
260, İtaliyada isə 280 adama bir vəkil düşür. Azərbaycanda vəkillərin sayı az olsa da, vəkilliyə
maraq artır. Digər meyl bundan ibarətdir ki, Azərbaycanda şikayətlərin 15%-dən çoxu məhkəmə
sisteminə aiddir.
Mediasiyanın ən mühüm əhəmiyyətindən biri də onun cəmiyyətdə hüquqi şüur və hüquq
mədəniyyətinin formalaşmasına təsir etməsidir. Bu gün Azərbaycanda mediasıyanın
mübahisələrin həllinin məhkəmədən kənar metodu kimi qanunverici əsaslarının
möhkəmləndirilməsi, mediasiya institutunun hüquq sisteminə inteqrasiyasını intensivləşdirməyə
sosial sifariş mövcuddur. Mediasiya mübahisələrin həllində dövlətin öz səlahiyyətlərinin
müəyyən hissəsini vətəndaşlarına ötürməyə və bununla eyni vaxtda cəmiyyətin bu səlahiyyətləri
qəbul etməyə hazır və qabil olmasına, qəbul edilən qərarlara görə məsuliyyət daşımasına imkan
verən humanist, eyni zamanda, praqmatik yanaşmadır. Beləliklə də, mediasiya nəinki hüquqi,
həmçinin, sosial baxımdan əhəmiyyətli bir institut olduğunu sübut etmişdir. Bu, dünya
təcrübəsində mediasiyanın hüquqi mədəniyyətə və ümumuilikdə cəmiyyətə tətbiqinə ildən-ilə
artan diqqət və onun inkişafına göstərilən dəstəkdə özünü biruzə verir. Mediasiyanın
Azərbaycanda inkişafına təkan vermək üçün ən mühüm tədbirlərdən biri-mediasiyanın
institutsionallaşması və qanunvericilik bazasının yaradılmasıdır.
Bir sıra inkişaf etmiş ölkələrin qanunvericiliyində mediasiyanın hüquqi bazası
formalaşıb. Həmin ölkələrdə beynəlxalq münasibətlərlə yanaşı siyasi, iqtisadi, ticarət, ailə,
məktəb, az ağır cinayətlər və s. sahələrdə mübahisələrin həllində də mediasiyanın tətbiqi
genişlənməkdədir. Qanunvericilikdə mediasiyanın tətbiqi: mülki hüquq münasibətlərində
yaranan mübahisələrin tənzimlənməsində, eləcə də cinayət-hüquq münasibətlərində -orta ağır və
xırda cinayət törədildiyi hallarda nəzərdə tutulur. Mediasiyanın tətbiqi ilk növbədə
məhkəmələrin həddən artıq yüklənməsinin qarşısını ala bilər.
Məhz bu qeyd edilən və digər məsələlərin həlli çərçivəsində mediasiyanın ardıcıl və
daimi olaraq tətbiqinin zəruriliyi gündəmə gəlmişdir. Beynəlxalq təcrübəyə əsasən, mediasiya
institutunun səmərəli tətbiqi mübahisələrin həllinin alternativ yolu kimi bu vəziyyətin aradan
qaldırılmasına ciddi kömək edə bilər.
Qeyd edildiyi kimi, Azərbaycan cəmiyyəti demokratik hüquqi dövlətin inkişafı
mərhələsini yaşayır, bu mərhələdə cəmiyyətin bütün sahələrində daimi islahatlar prosesi davam
edir. Bazar münasibətlərinə keçid iqtisadi və onunla sıx bağlı olan digər sahələrdə (ticarət, siyasi-

6
hüquqi, məhkəmə və s.) yeni qanunların tətbiq edilməsini, beynəlxalq bəyannamələrə qoşulmağı
və ölkə qanunvericiliyində əsaslı dəyişikliklər edilməsini tələb edir.
Müasir dövrdə Azərbaycanda məhkəmə sisteminin yenidən qurulması istiqamətində də
geniş islahatlar keçirilir. Böhran və münaqişəli vəziyyətlərin məhkəmədən kənar və məhkəməyə
qədər tənzimlənməsi ilə bağlı alternativ həll yollarının seçilməsi məsələsinin xüsusi aktuallıq
kəsb etdiyi bir dövrdə ölkəmizdə mübahisələrin alternativ həlli üsullarının, xüsusilə də
mediasiyanın tətbiqi bir sıra post-sovet məkanı ölkələri ilə müqayisədə ilkin formalaşma
mərhələsindədir və hüquqi əsasları tam formalaşmayıb.
Qeyd etdiyimiz kimi müasir şəraitdə məhkəmə sistemində mübahisə və münaqişələrin
alternativ metodlarla tənzimlənməsi xüsusi aktuallıq kəsb edir. Belə ki, mübahisələrin alternativ
həll yollarının tətbiq edilməsi insanların hüquq və azadlıqlarının tam təmin edilməsi, onların heç
bir təzyiq və məcburiyyət olmadan razılığa gəlməsi və son nəticədə mübahisənin məhkəmə
qaydasında həllindən fərqli olaraq əməkdaşlıq münasibətlərinin saxlanması imkanlarını açır.
Vasitəçiliyin üstün tərəflərindən biri də odur ki, mübahisə tərəfləri proseduranı müstəqil şəkildə
tənzimləmək imkanı əldə edirlər.
Beləliklə, münaqişələrin mediasiya prosedurasında tənzimlənməsi nəticəsində tərəflər
arasında əməkdaşlıq münasibətlərinin saxlanması, həmçinin mübahisəyə, münaqişə, yaxud
böhrana gətirə biləcək vəziyyətlərin qarşısının alınması əsas məqsədə çevrilir. Təkrarlana biləcək
mübahisə, münaqişə, yaxud böhran şəraitində iki qarşılıqlı əlaqəli davranış prinsipi –
münaqişənin həlli zamanı tərəflərə müəyyən bir mövqenin məcburi şəkildə qəbul etdirilməsi və
münaqişənin sülh yolu həll edilməsi məqsədilə güc tətbiq edilməsinin yolverilməzliyi – əsas
götürülür.
Münaqişənin alternativ vasitələrlə tənzimlənməsi yeni, hər bir münaqişə tərəfi üçün qəbul
edilə bilən kompromis yolunun tapılmasını nəzərdə tutur. Münaqişələrin alternativ vasitələrlə
həlli zamanı əsas qəbul edilən qaydalardan biri odur ki, vasitəçilər münaqişənin
mürəkkəbləşməsinə və genişlənməsinə səbəb olmamalıdırlar və münaqişənin tənzimlənməsi
itkisiz (zərərə düşmədən) və bütün tərəflərə (mübahisə tərəfləri və mediatora) zərər gətirmədən
sona çatmalıdır. Əgər belə bir şərait yaranarsa, tərəflər bu haqda bir-birini xəbərdar etməlidirlər
və bir-biri ilə fikir mübadiləsi aparmalıdırlar, mediasiya vasitəsilə razılıq əldə etmədikdə yeni bir
tənzimləmə yolu seçməlidirlər.
Mübahisələrin alternativ həlli üsulu kimi mediasiyanın respublikamızda inkişafı üçün
onun mahiyyətinin, mövcud dünya təcrübəsinin öyrənilməsi əsasında milli gerçəkliyə tətbiqinin
araşdırılması, Azərbaycanın milli qanunvericiliyində, hüquqi praktikasında nəzəri və tətbiqi
aspektlərinin təhlili, mediasiya haqda qanunun hazırlanması və qəbul edilməsi üçün tövsiyə və
təkliflərin verilməsi mühüm əhəmiyyət kəsb edərdi.

7
Mediasiya müasir dünyanın məhkəmə-hüquq sisteminin inkişaf meyllərinə və demokratik
inkişafın çağırışlarına səmərəli və adekvat cavab olan hüquqi praktikadır. İnsan hüquq və
azadliqlarina ehtiram və qayğı kimi ali prinsiplər üzərində qərar tutmaqla, mediasiya
ölkəsindən, məhkəmə sistemlərindən və mədəniyyətindən asılı olmayaraq insanların bir-birini
anlamasına imkan verən universal hüquqi dialoq dilidir. Qloballaşma dövründə milli
qanunvericilik sistemlərinin bəzən bir araya sığmaz göründüyü və beynəxalq münaqişələrin həll
edilə bilmədiyi bir vaxtda, mediasiya- dialoq üçün məkan yaradan mümkün təmas nöqtəsidir;
Mediasiya prosesi mövcud münaqişələrin mümkün çoxtərəfli inkişaf istiqamətlərinin
qarşısını almağa şərait yaradır, mediasiya prosesində çoxtərəfli tənzimləmə strategiyasının tətbiq
olunması münaqişələrin qısa zaman müddətində, daha az maddi itki ilə və əməkdaşlıq
münasibətlərinin saxlanması əsasında həllinə şərait yaradır;
Müxtəlif vasitəçilər tərəfindən tənzimlənən mübahisələrin oxşarlığı mediasiya
prosedurasının ümumi prinsiplər əsasında keçirilməsini təmin edir. Eyni zamanda, konkret
şəraitlə bağlı mediatorun təklifləri mövcud problemlərin həlli ilə bağlı “paket” xüsusiyyətli sənəd
kimi mübahisənin mərhələli həllində istiqamətləndirici ola bilər;
Məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində də mühüm addım kimi mübahisə və
münaqişələrin alternativ həlli variantı olan və gələcəkdə mübahisə tərəfləri arasında
əməkdaşlığın saxlanmasına yönəlmiş mediasiya institutunun inkişaf imkanları beynəlxalq
normaların ayrı-ayrı regionlarda adaptasiya xüsusiyyətlərindən asılıdır. Mediasiya prosedurası
müxtəlif tətbiq sahələrindən (ailə, məktəb, ticarət, beynəlxalq və s.) asılı olaraq fərqli mexanizm
və xüsusiyyətlərə malik olur ki, bu da ayrı-ayrı sahələrlə bağlı mütəxəssis mediatorların
formalaşması tələbatını yaradır. Hüquqi maarifləndirmə mediasiya institutunun inkişafının əsas
aspekti kimi onun geniş istifadəsinə şərait yarada bilər;
Vasitəçilik (mediasiya) institutunun araşdırılması nəticəsində belə bir nəticə əldə edilir ki,
mübahisələrin alternativ həlli vasitəsi kimi mediasiya prosedurunun tətbiqi müasir dövrdə xüsusi
aktuallıq kəsb edir, həmçinin beynəlxalq təcrübədə mediasiya institutunun yeni inkişaf meylləri
nəzərə çarpır. Münaqişələrin məhkəməyə qədər və məhkəmədən kənar həlli vasitəsi olan
mediasiya çərçivəsində müxtəlif növ mübahisələrin (ailə, əmək, məktəb, beynəlxalq, siyasi,
iqtisadi və s.) tənzimlənməsi iqtisadi cəhətdən daha qənaətcil, mübahisə tərəfləri arasında
əməkdaşlıq münasibətlərinin saxlanmasına yönəldiyi üçün psixoloji cəhətdən daha
əhəmiyyətlidir.
Vasitəçilik institutu əvəzedilməz metod kimi dövlətlərarası münasibətlərin
tənzimlənməsində də böyük təsirə malikdir. Son dövrlərdə beynəlxalq təşkilatlar, nüfuzlu siyasi
xadimlər beynəlxalq mübahisələrin sülh yolu ilə həllində mediator rolunda çıxış edərək mümkün
münaqişələrin qarşısını almağa nail olurlar.

8
Hesab edirik ki, Mediasiya haqqında milli qanunvericiliyin hazırlanması və qəbulu,
peşəkar mediatorların hazırlanması, ümumiyyətlə, mübahisələrin məhkəmədən kənar həllinə
yönəlmiş hüquq siyasətinin bu istiqamətdə daha da intensivləşdirilməsinə böyük zərurət var.

“Respublika” qəzetinin 14 avqust 2013-cü il tarixli sayında dərc olunub

Gündəlik