NATİIQ ABDULLAYEV: YOL HƏRƏKƏTİ QAYDALARINI POZANLARIN ƏKSƏRİYYƏTİ KASIB BALALARIDIR

NATİIQ ABDULLAYEV: YOL HƏRƏKƏTİ QAYDALARINI POZANLARIN ƏKSƏRİYYƏTİ KASIB BALALARIDIR

NATİIQ ABDULLAYEV: "YOL HƏRƏKƏTİ QAYDALARINI POZANLARIN ƏKSƏRİYYƏTİ KASIB BALALARIDIR. HARDA GÖRÜLÜB Kİ, HANSISA MƏMURUN, NAZİRİN OĞLU "AVTOŞLUQ" ETSİN"

 

Hüquqşünas Natiq Abdullayev isə İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişiklik və əlavələrin lehinə olduğunu deyib:

-Bu gün sürücülər tərəfindən törədilən qəzalar və bu qəzalar nəticəsindəki ölüm hadisələri qanunvericiliyə tam hüquqi, məntiqi əsas verir ki, sanksiyanı sərtləşdirsin. Çünki sanksiyanın sərtləşdirilməsi məhz qanun pozuntularının qarşısının alınmasına xidmət edir. Yaxşı olar ki, maddi imkanı olmayan sürücülərimiz qanunun tələblərinə düzgün riayət etsinlər. Yəni sürücülər küçəyə zibil atmasın, heç bir cərimə də ödəməsin. Necə deyərlər, qanunu pozma, cərimə də ödəmə.

Qanuna dəyişiklik edib, cərimələri artırmaq aktual problemləri həll etmək üsullarından biridir. Digər üsul isə maarifləndirmə, hüquqi təbliğatdır. Bir hüquqşünas olaraq, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərin tərəfdarıyam. Əgər bir sürücü küçəyə zibil atdığı təqdirdə ona qarşı heç bir cəza tədbiri görülməyəcək və o, məsuliyyətə cəlb olunmayacaqsa, onda küçələrə atılan zibillərin qarşısını ala bilməyəcəyik.

Cərimələr aşağı olanda qanun pozuntuları çox olur

İndiyəqədərki sanksiyaların məbləği olduqca gülməli idi. İnzibati xəta törətmiş, yol-hərəkət qaydalarını pozan sürücülərə kəsilən cərimələr çox aşağı idi. Demək olar ki, vətəndaşlar həmin məbləği ödəməkdən çəkinmədiyi üçün istədikləri yerə maşından zibil atır, yaxud da uyğun olmayan yerlərdə avtomobil saxlayırdılar. Hələ içkili halda maşın sürənləri demirəm. Amma qanun sərtləşdikcə və cərimələr artdıqca, onlar buna cəsarət etməyəcək. Çünki məbləğlər onların maddi durumu ilə uyğunlaşmır. Onlar da məcburiyyət qarşısında qanuna tabe olub, heç bir inzibati xətalara, qanun pozuntularına yol verməyəcəklər. Amma təcrübə göstərir ki, yol-hərəkət qaydalarını pozan sürücülərə kəsilən cərimələrin məbləği aşağı olanda, pozuntular daha çox olur. Məbləğin artması onları bu yoldan çəkindirəcək.

Zamanın tələbi

N.Abdullayevin sözlərinə görə, müntəzəm olaraq dəyişiklik və əlavələr yalnız İnzibati Xətalar Məcəlləsi üçün xarakterik deyil, tez-tez əlavələr edilməsi bizim bütün qanunlarımız üçün xarakterikdir. Bəzən qanunvericilik ilk verdiyi səhvləri düzəltmək üçün dəyişiklik edir. Bəzən isə dünyada, ölkədə gedən inkişafla əlaqədar mövcud qanunlara əlavələr etmək məcburiyyətində qalır. Hesab edirəm ki, Azərbaycanda müvafiq qanunlara və məcəllələrə edilən dəyişikliklər aktualdır. Yəni bunlar zamanın tələbidir. Müvafiq əlavələri tənqid edən bəzi ekspertlər insanların maddi vəziyyətini nəzərə almadan cərimələrin artırılmasının əsassız olduğunu iddia edirlər. Və məntiqsiz arqumentlər gətirirlər ki, bəlkə sürücü xəstə aparan zaman ehtiyatsızlıqdan qoşa xətti tapdalayır. Başa düşə bilmirəm, xəstə aparan sürücü niyə qoşa xətti tapdalamalıdır ki? Hər halda həmin sürücülər daha diqqətli olmalıdır ki, xəstəxanaya özü də, xəstə də sağ-salamat çatsın. Zibil atmağa və qoşa xətti tapdalamağa, yaxud da maşını avtoparkdan kənarda saxlamağa görə 50-100 manat cərimənin tətbiq edilməsində heç bir məntiqsizlik yoxdur. Əksinə, bu qanunun əleyhinə çıxanların gətirdiyi arqumentlər çox mənasızdır. Şəxsən mən əhalinin maddi vəziyyəti ilə cərimələrin artırılmasının əlaqələndirilməsini çox məntiqsiz və əsassız hesab edirəm. Kommunal xidmətlər qalxdığı təqdirdə, bunun əhalinin maddi rifahı ilə əlaqələndirilməsinin tərəfdarıyam. Amma qanun pozuntusuna görə cərimələrin artırılması tamam başqa söhbətdir.

Uyğunsuz yerdə avtomobil saxlayanlar məhz imkansızlardır

Avtopark olmayan yerlərdə maşın saxlayanlarla yol patrul xidməti razılaşır. Amma bəzən elə yerdə, elə eybəcər şəkildə maşın park edirlər ki, adam istər-istəməz əsəbiləşir. Həmin sürücülər özlərinə əziyyət verməmək üçün düz yolun ortasında avtomobilini buraxıb, gedir. Bu da tıxaca səbəb olur. Doğrudur, Azərbaycanda avtopark problemi var. Amma bu problemin olması heç də sürücülərə əcaib yerlərdə, əcaib formada avtomobil park etməyə icazə vermir. Onsuz da ki, problem olduğu üçün sürücülərə güzəşt edilir. Dövlət Yol Polisi evakuatordan istifadə edərkən hər şeyi nəzərə alır. Artıq güzəşt edilməsi mümkün olmayan maşınları cərimə meydançasına aparır.

Neçə illərin hüquqşünasıyam, Dövlət Yol Polis əməkdaşları ilə də çox işləmişəm. Baxdığım bütün işlərə əsaslanaraq deyə bilərəm ki, yol-hərəkəti qaydalarını pozanların əksəriyyəti kasıb balalarıdır. Harda görülüb ki, hansısa məmurun, nazirin oğlu "avtoşluq" etsin. Avtoxuliqanlıq edənlərin tam əksəriyyəti imkansız ailələrin övladlarıdır. Elələri var ki, polisin onlara cərimə yazmağa da yazığı gəlir. Bilmirsən, "avtoşluq" onların harasına yaraşır. Elə bu səbəbdən də düşünürəm ki, cərimələri artırmaq yolu ilə problemin həllinə nail olmaq olar. Çünki heç bir kasıbın 100 manat cərimə ödəmək imkanı olmadığı üçün evindəki uşağını yaxşıca tənbeh edəcək ki, yol-hərəkəti qaydalarına tam şəkildə əməl etsin. Bu gün qanuna sayğısızlıq bizdə bir "prestij" hesab olunur. Amma bıçaq sümüyə dirənəndə, heç kəs bu "prestij"i istəməyəcək. Buna tam əminəm..

http://www.sherg.az/2012/12/11/get=57612

Gündəlik