Hörmətli Şahin müəllim!
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 177.2.3-1-ci və 177.2.3-2-ci maddələrin əlavə edilməsi haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası 30.04.2013-cü il tarixli Qanunu və sözügedən Məcəlləyə 205-ci maddənin əlavə edilməsi haqqında 30.04.2013-cü il tarixli Qanun “Respublika” qəzetinin 21 may 2013-cü il tarixli sayında (səh 2) dərc edilmişdir. Lakin Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan “Azərbaycan” qəzetinin 21 may 2013-cü il tarixli sayında yuxarıda sözügedən qanunlar dərc edilməmiş, yalnız bu qanunlardan biri, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 205-2-ci maddəsinin əlavə edilməsinə dair qanun “Azərbaycan” qəzetinin 22 may 2013-cü il tarixli sayında dərc edilmiş, sözügedən Məcəlləyə 177.2.3-1-ci və 177.2.3-2-ci maddələrin əlavə edilməsinə dair qanun isə “Azərbaycan” qəzetinin 22 may 2013-cü il tarixli sayında dərc edilməmişdir. Hörmətli Şahin müəllim! Məlumunuzdur ki, 26 noyabr 1999-cu ildə qəbul edilmiş (21 dekabr 2010-cu il tarixli, 21-İVKQ saylı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə qüvvədən düşmüş hesab edilmiş) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunu “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 17.02.2011-ci il tarixdə dərc edilməsindən sonra qüvvədən düşmüşdür. “Normativ hüquqi aktlar haqqında” 1999-cu il tarixli qanunun 38-ci maddəsində hansı normativ hüquqi aktların hansı mətbu nəşrdə dərc edilməli olduğu konkret göstərilsə də, yeni “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda rəsmi mətbu nəşrlərinin adları göstərilməmişdir. Sözügedən Qanunun 82.2-ci maddəsində göstərilmişdir ki, Normativ hüquqi aktlar rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Qeyd edilən Qanunun 82.5-ci maddəsində göstərilmişdir ki, “Normativ hüquqi aktın rəsmi dərc edilməsi tarixi bu aktın yerləşdirildiyi rəsmi dövri mətbu nəşrin çıxdığı (ictimai radio və televiziya kanallarında səsləndirildiyi) gün hesab olunur”. Həmin Qanunun 82.6-cı maddəsində isə göstərilmişdir ki, “Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən Normativ hüquqi aktlardan biri ayrı-ayrı vaxtlarda bir neçə üsulla rəsmi dərc edildikdə normativ hüquqi aktın rəsmi dərc edilməsi və qüvvəyə minməsi tarixi onun ilk dərc edilməsi tarixi ilə müəyyən edilir. İstinad edilən Konstitusiya Qanunun 84.3-cü maddəsində isə təsbit olunmuşdur ki, “Normativ hüquqi aktların qeyri-rəsmi nəşrlərdə dərc edilməsi qeyri-rəsmi hesab edilir. Sözsüz ki, qeyri-rəsmi nəşr qanunun qüvvəyə minməsinə əsas ola bilməz. Hörmətli Şahin müəllim! Yuxarıda istinad etdiyimiz Konstitusiya Qanunun 84.4-cü maddəsinə görə normativ hüquqi aktın qeyri-rəsmi dərc edilməsi onun hüquqi məlumatın yayılması üzrə fəaliyyətə irəli sürülən tələblərlə əməl olunmaqla rəsmi dərc edilməsindən sonra həyata keçirilir. Məlumunuzdur ki, hazırda “Respublika” qəzeti Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və redaksiya heyətinin təsisçiliyi ilə, gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzet kimi fəaliyyət göstərir. Bu qəzetin, eləcə də hər hansı bir digər qəzetin rəsmi mətbu nəşr hesab edildiyini əks etdirən hər hansı bir normativ hüquqi akt mövcud deyildir. Belə olan təqdirdə hansı qəzetin rəsmi mətbu nəşr hesab edilməsi, hansı qəzetin qeyri-rəsmi dövri mətbu nəşr hesab edilməsi məsələsi subyektiv mülahizələrə yol açır. Sözsüz ki, hansı dövri mətbu nəşrin rəsmi, hansının isə qeyri-rəsmi dövri mətbu nəşr hesab edilməsinin təyin edilməsi normativ hüquqi aktların qüvvəyə mindiyi vaxtın müəyyən edilməsi baxımından olduqca zəruridir (hal-hazırda yuxarıda istinad edilən qanunların qüvvəyə mindiyi tarixin, eləcə də “Respublika” qəzetinin 19.04.2013-cü il, “Azərbaycan” qəzetinin 21.04.2013-cü il tarixli saylarında dərc edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavələrin edilməsi barədə qanunun və s.) Hörmətli Şahin müəllim! Yuxarıda istinad etdiyimiz Konstitusiya Qanununda Qanunların, Fərmanların Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə mindiyi təsbit olunmuşdur (bax: maddə 85). Bu baxımdan “Respublika” qəzetinin rəsmi dövri mətbu nəşr hesab edilməsinə aydınlıq gətirilməsinə hüququn tətbiqi və icrası baxımından zərurət yaranmışdır. Odur ki, Sizdən xahiş edirik ki, “Respublika” qəzetinin rəsmi və ya qeyri-rəsmi dövri mətbu nəşr hesab edilib-edilməməsinə aydınlıq gətirəsiniz. Eyni zamanda hazırkı müraciətimizdəki məsələ ilə əlaqəli olduğundan “Şərq” qəzetində mənim müəllifliyim ilə dərc edilmiş “Qanunu bilməmək məsuliyyətdən azad etmir, AMMA...” başlıqlı məqalənin surətini Sizə göndəririk. Qoşma: “Şərq” qəzetində dərc edilmiş məqalənin surəti Sədr Natiq Abdullayev |
AR Prezidentinin Administrasiyasının Hüquq Ekspertizası Məsələləri Şöbəsinin müdiri Şahin Əliyevə
