Azərbaycan Respublikasının Daxili İşlər naziri Polis general-leytenant Cənab V. Eyvazova

Azərbaycan Respublikasının Daxili İşlər naziri Polis general-leytenant Cənab V. Eyvazova


Azərbaycan Respublikasının Daxili İşlər naziri
Polis general-leytenant
Cənab V. Eyvazova

 

Hörmətli Vilayət müəllim,
Bakı şəhərində və Respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən ayrı-ayrı restoran və kafelərdə ucadan mahnı oxunması, musiqi alətlərinin ucadan çalınması bununla da insanların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan istirahət hüquqlarının pozulması hazırkı məktubla Sizə müraciət olunmasına zərurət yaratmışdır.
Belə ki, gecə saatlarında bəzi restoran və kafelərdə ucadan mahnı oxunması, musiqi alətlərinin ucadan çalınması insanların istirahət hüququnun kobud şəkildə pozulması ilə nəticələnir. Nəzərə alınmalıdır ki, bu cür restoran və kafelərin yaxınlığında yaşayan şəxslər işdən evlərinə istər fiziki, istərsə də zehni yorucu əməkdən sonra fiziki və zehni-psixoyoruculuq halında gəlirlər. Məlumunuzdur ki, zehni-psixoyoruculuq yorucu əməkdən sonra yaranan zehni gərginlikdən və emosional artıq yüklənmədən ibarətdir. Yuxarıda sözügedən kafe və restoranların yaxınlığında yaşayan şəxslər işdən sonra restoran və kafelərin fəaliyyəti nəticəsində sözün əsl mənasında mənəvi “terrora” məruz qalırlar. Həmin insanlar ucadan oxunan mahnının və ucadan ifa olunan musiqi alətlərinin səs-küyündən müdafiə olunmağa cəhd etsələr də buna heç də nail ola bilmirlər.
Nəzərə alınmalıdır ki, yüksək səs-küyün mövcudluğu insanlarda əsəb, ürək-damar və digər xəstəliklərin yaranmasına səbəb olur ki, bu da sonda xoşagəlməz nəticələr yaradır. Məhz bu amilləri nəzərə alan Azərbaycan dövləti insanın rifahinı dövlətin ali məqsədi kimi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edərək Konstitusiyanın 37-ci maddəsində hər kəsin istirahət hüququna konstitusion təminat vermişdir. Azərbaycan Respublikasının qanunvericiliyi hər kəsin konstitusion hüququna Azərbaycan Dövləti tərəfindən verilən təminatı təmin etmək üçün nəinki iş yerlərində, hətta ictimai və yaşayış ərazilərində, o cümlədən yaşayış yerlərində səs-küyün sinfini təyin edən, səs-küyün buraxıla bilən həddini müəyyənləşdirən normativ və texniki normativ sənədlər qəbul etməklə, səs-küyü yaşayış binalarında, yaşayış ərazilərində sanitar norma kimi təsbit etmişdir.
Səs-küyün səviyyəsi yüksək olduğundan bu cür restoran və kafelərin yaxınlığında yaşayan şəxslər öz mənzillərində digər ailə üzvləri ilə bərkdən danışmağa, bəzən isə hətta qışqırmaqla danışmağa məhkum olurlar. Bu vəziyyətdən ən çox narahatçılıq keçirənlər isə uşaqlardır. Onlar musiqinin yüksək səs-küyündən daha çox əziyyət çəkir və bu səs-küy onlara yatmağa belə imkan vermir.
Hörmətli Vilayət müəllim,
Hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi ilə iftixar edir ki, onun Ümumilli Liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyətin varisi olan İlham Əliyev kimi xalqının, millətinin qayğısına qalan, onun sosial rifahinin yüksəldilməsinə ləyaqətlə xidmət edən Prezidenti vardır. Artıq Cənab Prezidentimiz demək olar ki, xalqının fərdi qayğısına qalır. Tez-tez şəhər küçələrində şəxsən gəzintilər edir. Ölkə sakinləri ilə fərdi görüş keçirir, onların problemlərini araşdırır, qayğılarına qalır və bu istiqamətdə mümkün olan hər şeyi edir. Hesab edirik ki, insanların dincliyinə, istirahətinə “mənəvi terror” edən bu cür restoran və kafelərin gecə saatlarında insanlara yaratdıqları gərginlik barədə ölkə rəhbərinə bilavasitə məlumat verilməsi də istisna olunmur. Əminik ki, belə bir məlumat ölkə rəhbərinin şəxsən diqqətinə çatdırılarsa Cənab Prezident dərhal müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara zəruri tapşırıqlarını verəcəkdir.
Hörmətli Vilayət müəllim,
Ümid edirik ki, yuxarıda qaldırdığımız məsələni diqqətlə araşdırıb bu istiqamətdə də zəruri tədbirlər görəcəksiniz.
Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Hörmətlə
Mərkəzin sədri: Natiq Abdullayev

Gündəlik