Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudova
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudova
Hörmətli Samir müəllim,Nəzərinizə çatdırmağı zəruri hesab edirik ki, 09 dekabr 2022-ci il tarixli Qanunla (01.01.2023-cü ildən qüvvəyə minmiş, dərci “Azərbaycan” qəzeti) Qanunla AR Vergi Məcəlləsinin müəssisənin və fərdi sahibkarın əmlak vergisinin hesablanması və ödənilməsinin əsaslarını ehtiva edən 201-ci maddəsinin 201.1.1-ci hissəsinə “Sığortalanma tarixinə əmlakın bazar dəyərinə uyğun olaraq” sözləri əlavə edilməklə həmin maddə aşağıdakı yeni redaksiyada verilmişdir:“Müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə əsasən sığortalanma tarixinə əmlakın bazar dəyərinə uyğun olaraq müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda bu Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.”İstinad edilən maddənin məzmununa edilən dəyişiklikdən görünür ki, əmlak vergisi müəssisənin və sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda bu Məcəllənin 14-cü maddəsinə əsasən əmlak vergisi sığortalanma tarixinə əmlakın bazar dəyərinə uyğun olaraq müəyyən edilmiş dəyər tətbiq edilməklə hesablanmalıdır. Qeyd etməyi zəruri hesab edirik ki, sözügedən maddə AR Konstitusiyasının, həmçinin AR Vergi Məcəlləsinin “Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları”nı təsbit edən 3-cü maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. İstinad edilən Məcəllənin 3-cü maddəsinin tələbinə görə Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz. Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən
edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.Yuxarıda göstərilən xüsusatlarla yanaşı onu da qeyd etməyi zəruri hesab edirik ki, 09 dekabr 2022-ci il tarixli Qanunla edilən dəyişiklikdən sonra Vergi Məcəlləsinin 201-ci maddəsinin 201.1.1-ci hissəsinin məzmunu məntiqsiz hala da düşmüşdür. Belə ki, vergitutma məqsədləri üçün müəssisənin və ya fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri sözügedən Məcəllənin 202-ci maddəsinin tələblərinə uyğun hesablanmaqla, bu maddədə təsbit olunan dəyərdən əmlak vergisi hesablanıb verilməlidir. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri onların qalıq dəyərinin artıq qiymətə sığortalanmasının əmlak vergisinin hesablanması ilə heç bir əlaqəsi ola bilməz. Yəni əmlakın qalıq dəyərindən artıq qiymətə sığortalanması əmlak vergisinin fərqli qaydada hesablanmasına əsas ola bilməz. Yalnız əmlak qalıq dəyərindən artıq qiymətə satıldığı halda şəxslər əlavə gəlir əldə etməklə mənfəət və ya gəlir vergisini əldə etdikləri əlavə gəlirdən ödəyə bilərlər.Hesab edirik ki, AR Vergi Məcəlləsinin 201.1.1-ci maddəsi iqtisadi cəhətdən əsaslandırılmamaqla yanaşı, sahibkarlıq və investisiya fəaliyyətini təşviq etmir. Eyni zamanda vergi qanunvericiliyinin prinsiplərinə də uyğun deyildir. Yuxarıda göstərilənləri nəzərə alıb, sözügedən maddənin (201.1.1-ci maddə) AR Vergi Məcəlləsininin tələblərinə uyğun dəyişdirilməsi məsələsinə baxılmasını Sizdən xahiş edirik.Natiq Abdullayev.
