Hörmətli Şahin müəllim!
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Sözügedən Məcəllənin 32.2-ci maddəsinə görə isə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əmlak ər-arvaddan kimin adına əldə edilməsindən asılı olmayaraq onların birgə mülkiyyəti hesab edilir (32.2.2).
Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə isə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Sözügedən Məcəllənin 33.3-cü maddəsinə görə isə ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
Həmin Məcəllənin 33.4-cü maddəsinə görə isə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması əsaslarını ehtiva edən Ailə Məcəlləsinin 35-ci maddəsi görə isə nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
Hörmətli Şahin müəllim!
Ər-arvadın birgə mülkiyyəti ilə əlaqədar yaranmış məhkəmə mübahisələrinin təhlili mərkəzimizin ekspertlərini “ər-arvadın əmlakının qanuni rejimi”ni tənzimləyən Ailə Məcəlləsinin VII fəsildə təsbit edilən, yuxarıda sadalanan müddəalara dair müvafiq təkliflə aidiyyəti dövlət orqanı kimi Sizə müraciət etməyimizə əsas yaratmışdır.
Hesab edirik ki, bu müddəalarda bəzi qeyri-müəyyənliklər mövcuddur və bu qeyri-müəyyənliklər sözügedən müddəaların praktiki tətbiqi zamanı, yəni ər-arvad arasında ümumi birgə əmlak münasibətlərinin tənzimlənməsi zamanı müəyyən çətinliklər yaradır.
Hesab edirik ki, mülki dövriyyənin sabitliyini təmin etmək qanunvericiliyin əsas priatet məqsədlərindən biri olmaqla, mülki dövriyyənin mürəkkəbləşməsi, onun dinamik inkişafı daim diqqət mərkəzində olmalıdır.
Qanunvericilikdəki qeyri-müəyyənliklər, qeyri-səlis ifadələr hüququn praktik tətbiqində xoşa gəlməz hallara, bəzən isə ədalət mühakiməsini həyata keçirən məhkəmələrimizə ədalətsiz qərarlar qəbul etməsinə zəmin yaradır.
Əvvəla diqqətinizi 32.3-cü maddəyə cəlb etmək istərdik, bu maddədə ehtiva edilmişdir ki, “...... müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir”
Hesab edirik ki, burada ifadə edilən “hüquqa” sözündə qeyri-səlisliyə yol verilmişdir. “hüquqa” sözü müxtəlif cür yozula bilər (Məsələn, istifadə hüququna). Əgər qanunverici “...əmlak üzərində mülkiyyət hüququna malikdir” ifadəsini işlətsə, idi daha dolğun olmuş olardı və hansı hüquqa malikdir sualı yaranmazdı.
Məcəllənin 33.2-ci maddəsində göstərilmişdir ki, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
Bu halda qanunvericiliyin hər hansı sərəncam əqdinin (rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınan əmlak; məsələn avtomaşın) həyata keçirilməsinin “gümanın” ümidinə buraxması fikrimizcə düzgün deyildir və hər hansı bu qəbildən olan mübahisənin praktiki həlli zamanı qeyri-müəyyənliyə, subyektivliyə kifayət qədər zəmin yaradır.
Hörmətli Şahin müəllim!
Hesab edirik ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi üçün sərəncam əqdlərinin mübahisələndirilməsi halları dəqiqləşdirilməlidir. Çünki, belə mübahisələndirilmələr zamanı üçüncü şəxslərin əldə etdikləri əmlaklar mübahisə obyektinə çevrilir və mülki dövriyyənin dayanaqlılığına xələl gəlir.
Məcəllənin 33.3 və 33.4-cü maddələrində ümumi əmlak üzərində sərəncam əqdinin bağlanması zamanı ərin (arvadın) razılığı alınmadıqda, onlar (yəni razılığı olmayan tərəfin) tərəfindən əqdin mübahisələndirilməsinə hüquq verilir.
Nəzərə alaq ki, ər-arvadın ümumi birgə mülkiyyətində olan daşınmaz əmlaka (məsələn ev, mənzil, qeyri-yaşayış sahəsi və s.) dair reyest orqanı tərəfindən reyestrdən çıxarış verilir ki, burada əmlakın ümumi birgə mülkiyyətdə olması göstərilmir. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin hüquqi mənası kimin (ərin və ya arvadın) adına yazılmasından asılı olmayaraq əmlak üzərində onların ümumi birgə mülkiyyəti hüququnu ehtiva edir. Bu qəbildən olan daşınmaz əmlakı əldə etmək istəyən şəxs bu əmlakın ümumi birgə mülkiyyətdə olmasını araşdıra bilmir və reyestrdən çıxarışda da bunun əksini tapdığını görmür. O, ağlabatan nəzarətini və ehtiyatını göstərərək mənzili (evi və yaxud qeyri-yaşayış sahəsini) dəyərini ödəməklə alır. Sonradan hər hansı obyektiv və ya subyektiv səbəbdən razılığı alınmayan ər ( və ya arvad) alqı-satqı da daxil olmaqla məsələni mübahisələndirir. Bu zaman heç bir təqsiri olmayan yeni alıcı uzun müddət məhkəmə mübahisəsində olur. Ərin ( arvadın) razılığının alınmaması müxtəlif səbəblərdən ola bilər. Məsələn, ər arvad boşanır. Bundan sonra ər ailə vəziyyəti qrafasında “subay” yazılmış yeni şəxsiyyət vəsiqəsi alır. Sonra da öz adına rəsmiləşdirilmiş, lakin birgə nikah dövründə alınan mənzili digər şəxsə arvadının razılığı olmadan satır və notariat kontorunda özünü subay kimi təqdim edir. Notariusun onun əvvəlki taleyini araşdırmaq vəzifəsi yoxdur və “şəxsiyyət vəsiqəsi”nə əsaslanaraq alqı-satqını arvadın razılığı olmadan rəsmiləşdirir. Bu halda alıcı dövlət notariat kontoru tərəfindən aparılan alqı-satqının mötəbərliyinə inanır. Heç bir səhvə yol verməyən bu alıcı sonradan ömrünün bir hissəsinin ər-arvad arasında yaranmış mübahisə ilə əlaqədar məhkəmələrdə keçirir. Bu kimi digər konkret misallar sadalayıb əlavə vaxtınızı almaq istəmirik.
Qeyd etməyi zəruri hesab edirik ki, peşəkar hüquqşünasların, vəkillərin, hakimlərin təklifləri nəzərə alınmaqla Ailə Məcəlləsinin 33.3 və 33.4-cü maddələrinin təkmilləşdirilməsi əhəmiyyətli olardı.
Hesab edirik ki, yuxarıda qeyd etdiyimiz maddələrlə yanaşı Məcəllənin 35, 36.9-cu maddələri də bu qəbildən olan konkret mübahisələrinə öyrənilməsi və digər qanunvericilik aktlarının yaratdığı hüquqi nəticələrin təhlil edilməsi yolu ilə təkmilləşdirilməlidir.
Hörmətli Şahin müəllim!
Ümid edirik ki, təkliflərimizi araşdırıb müvafiq tədbirlər görəcəksiniz.
Hörmətlə,
Sədr Natiq Abdullayev