Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab R.Rzayevə

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab R.Rzayevə

Hörmətli Ramiz müəllim!

Respublikamız müstəqillik əldə etdikdən sonra Ümummilli Liderimiz H.Əliyev tərəfindən başlanılan məhkəmə-hüquq islahatları bu gündə Azərbaycan Respublikasının prezidenti, cənab İ.Əliyev tərəfindən uğurla davam etdirilir. Cəmiyyət həyatının dinamik inkişafı, yeni-yeni ictimai münasibətlərin yaranması məhkəmə-hüquq islahatlarının davamlılığını labüd edir. Eyni zamanda qanunvericilik aktlarının praktiki tətbiqi zamanı meydana gələn qeyri-müəyyənliklərin aradan qaldırılması da qanunvericilik aktlarının təkmilləşdirilməsinə zərurət yaradır.

Bu baxımdan təkminləşdirilməsinə zərurət olan Azərbaycan Respublikası MPM-də bəzi müddüalarını diqqətinizə çatdırmaqla qanunvericilik təşəbbüsü hüququ olan Azərbaycan Respublikası Ali Məhkəməsindən aşağıda göstərilən təkliflərlə Azərbaycan Respublikası Milli Məclisinə müraciət olunması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirik.

Belə ki, Azərbaycan dövlət adından qəbul edilən məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi ilə əlaqədar onun malik olduğu hüquqi xassələrdən biri də qətnamənin icra edilməli olmasıdır.

Qətnamə dövlət adından çıxarıldığı və məhkəmə hakimiyyətinin iradəsini əks etdirdiyi üçün qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsində məhkəmənin yalnız qanuni qüvvəyə minmiş qətnaməsinin məcburi olması və onun Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunması ehtiva olunmuşdur.

Məhkəmə aktlarının icraasının məcburiliyi Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində də təsbit olunmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi adətən, həmin qətnaməyə əsasən icra vərəqinin verilməsi və icra olunması üçün məcburi icra orqanına - məhkəmə icraaçılarına təqdim edilməsi ilə icra olunmağa başlayır. İcra vərəqəsi bir qayda olaraq əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə və cavabdehi əmlakın alınması və ya pul vəsaitinin tutulması ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə məcbur edən qətnamə əsasında verilir. Bəzi kateqoriyalardan olan mülki işlər üzrə (mülkiyyət hüququnun tanınması, əqdin etibarsız hesab edilməsi və s.) məhkəmə qətnamələrinə əsasən icra vərəqəsi verilmir. Bu onunla əlaqədardır ki, belə mülki işlər üzrə məhkəmə qətnaməsi cavabdehə qarşı məcburi icra tədbirlərini tətbiq etmədən icra olunur. (məsələn daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması haqqında qanuni qüvvəyə minmiş qətnamə həmin əmlakın yeni mülkiyyətçisi barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi ilə icra olunur və s.)

İcra vərəqəsinin verilməsi və bununla əlaqədar digər münasibətlər müvafiq qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikası MPM-də dolğun şəkildə tənzimləndiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Pleniumu 14 yanvar 2003-cü il tarixdə “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” müvafiq qərar qəbul etsə də, bu sahənin tam və hərtərəfli tənzimlənməsinə nail olunmamışdır.

Digər tərəfdən nəzərə alınmalıdır ki, məhkəmə aktlarından icra vərəqəsinin verilməsinin əsasları, qaydası, şərtləri və s. qanunvericilik qaydasında tənzimlənməsi zəruridir.

Yuxarıda istinad edilən Plenium qərarına, eləcə də formalaşmış məhkəmə təcrübəsinə əsasən icra vərəqələri yekun məhkəmə aktını qəbul etmiş məhkəmə instansiyası tərəfindən verilir. Sözügedən Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 417.0.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirdiyi hallarda iş üzrə icra vərəqələri vermək zərurəti yaranarsa, həmin qərarlar üzrə icra vərəqəsini Ali Məhkəmə verir. Qeyd etməyi zəruri hesab edirik ki, hazırda sözügedən 417.0.2-ci maddə məcəllədən çıxarılmışdır.

Hörmətli Ramiz müəllim!

Hesab edirik ki, hansı kateqoriyadan olan mülki işlər üzrə məhkəmə qətnamələrindən icra vərəqəsinin verilməli olması, icra vərəqəsinin verilməsinin digər əsasları, şərtləri, eləcə də məhkəmə aktlarından icra vərəqələrinin verilməsi qaydasının qanunvericiliklə tənzimlənməsi üçün müvafiq təkliflə Azərbaycan Respublikası Milli Məclisinə müraciət olunmalıdır.

Hörmətli Ramiz müəllim!

Qanunvericilik qaydasında təkminləşdirilməsinə zərurət olan Azərbaycan Respublikası MPM-nin müddüalarından biri də Məcəllənin “qətnamənin izah edilməsi”ni ehtiva edən 230-cu maddəsidir. Nəzərə alsaq ki, Azərbaycan Respublikası MPM-nə edilən dəyişikliklərə və əlavələrə əsasən (maddə 417.1.4) kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər, onda bu prosessual hüquq norması əsasında kassasiya məhkəməsinin qəbul etdiyi qərarı izah etmək hüququ da kassasiya instansiya məhkəməsinə verilməlidir.

Hörmətli Ramiz müəllim!

Ümid edirik ki, hazırkı müraciətimizdə göstərilən təkliflərimizi müzakirə edib müvafiq qərar qəbul edəcəksiniz.

Hörmətlə

Mərkəzin

sədri Natiq Abdullayev

Gündəlik