“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Cavid Qurbanova

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Cavid Qurbanova

Hörmətli Cavid müəllim!

Məlumunuz olduğu kimi Azərbaycan Respublikasını 13 dekabr 2011-ci il tarixli, 268 İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinə 163-1, 163.1.3-cü maddələr əlavə edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 07.02.2012-ci il tarixli, 575 â„–-li fərmanın 3-cü bəndi ilə 163-1.1-163-1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə yanaşı Azərbaycan Respublikasına Nəqliyyat Nazirliyi tərəfindən də baxılması müəyyən edilmişdir.

Azərbaycan Respublikası Nəqliyyat Naziri cənab Ziya Məmmədovun 15 oktyabr 2012-ci il tarixli, 02/Q â„–-li qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestri tərəfindən qeydə alınmaqla, 20.10.2012-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən baxılan İnzibati Xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nın protokolun tərtib edilməsi qaydasını tənzimləyən ikinci bəndində göstərilmişdir ki, “Bu qaydaların 1.2-ci bəndində göstərilən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə Nazirliyin səlahiyyətli vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 410-cu maddəsinə uyğun olaraq İnzibati Xəta haqqında protokol tərtib edilir” .

“Normativ Hüquqi Aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun 20-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər. Sözügedən Konstitusiya qanununun tələblərinə görə mərkəzi İcra hakimiyyəti orqanlarının (konkret halda Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi) tənzimlənməsi müəyyən fərmanla səlahiyyətin aid edilmiş dövlət orqanları tərəfindən qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı sənəd normativ hüquqi akt hesab edilir və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və rəsmi dərc olunmuş normativ hüquqi akt rəsmi istinad mənbəyi hesab olunur.

Qeyd olunan Konstitusiya Qanunun 85.2-ci maddəsinə görə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ və hüquqi aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantda dərc edildiyi gündən qüvvəyə minir. Şərh edilən müddəaların tələblərindən görünür ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 15 oktyabr 2012-ci il tarixli, 02/Q â„–-li qərarı ilə təsdiq edilmiş və 20.102012-ci il tarixdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş yuxarıda sözügedən Qaydalar normativ hüquqi aktdır və bu Qaydaların tələbləri hamı üçün məcburidir.

Hörmətli Cavid müəllim!

O da məlumunuzdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat Yol Kompleksində idərəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında”22.02.2007-ci il tarixli 1992 saylı Sərəncamına əsasən bütün səhmləri dövlətə məxsus olan və Nəqliyyat Nazirliyinin tabeçiliyində. “Azəryolservis” ASC yaradılmış və Nizamnaməsi təsdiq olunmuşdur.

Həmin Nizamnamənin tələblərinə əsasən (7.1 və 7.8.6-cı bəndləri) “Azəryolservis” ASC-nin icra orqanı olan İdarə Heyəti kollegial icra orqanı olmaqla, üzərinə düşən vəzifənin icrasını təmin etmək və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə tabeçiliyində qurumların yaradılması, yenidən təşkil olunması, ləğv edilməsilə bağlı səlahiyyətlərə malikdir və Nizamnamənin 2.6-ci bəndinə əsasən Cəmiyyət tabeliyində olduğu icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada hüquqi şəxs statuslu qurumlar yarada, yenidən təşkil və ya ləğv edə bilər.

Göstərilənlər nəzərə alınmaqla iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında hərəkətinə nəzarəti təmin etmək məqsədilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin razılığına əsasən “Azəryolservis” ASC-nin İdarə Heyətinin müvafiq qərarı ilə ASC-nin təsisçiliyi ilə və onun tabeliyində müvafiq Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradılmış və onların nizamnamələri dövlət qeydiyyatına alınmışdır.

Sözügedən MMC-lərin (məsələn 80,85 saylı Yol İstismarı MMC-lər) nizamnamələrinin 3.2-ci bəndində göstərilmişdir ki, cəmiyyətin təsisçisi (yəni “Azəryolservis” ASC) Cəmiyyətin (məsələn “85 saylı Yol İstismarı” MMC) öhdəlikləri və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün məsuliyyət daşımır.

Yaradılmasının və fəaliyyətinin əsas məqsədi xidmətlər göstərməkdən ibarət olan bu MMC-lərin nizamnaməsində yuxarıda sözügedən Qaydalarla Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətlərinə aid edilmiş inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Sözsüz ki, bu səlahiyyət nəzərdə tutula bilməzdi, çünki bu səlahiyyət qüvvədə olan normativ hüquqi aktla yalnız dövlət hakimiyyəti orqanının vəzifəli şəxsi səlahiyyətinə aid edilmişdir.

Qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikasının qanunvericilik aktlarına, xüsusən də “Normativ Hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya qanunun tələblərinə uyğun olaraq qəbul edilmiş və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməklə qüvvəyə minmiş Azərbaycan Respublikasının Nəqliyyat Naziri, Cənab Ziya Məmmədovun 15 oktyabr 2012-ci il tarixli, 02/Q â„–-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları” normativ hüquqi aktdır və bu normativ hüquqi aktın tələbləri hamı üçün, hətta Azərbaycan Respublikasının Nəqliyyat Naziri , “Azəryolservis” ASC-nin sədri onların tabeliyində olan bütün hüquqi və fiziki şəxslər üçün də məcburidir.

Hazırkı müraciətə əlavə edilən Azərbaycan Respublikası Nəqliyyat Naziri, cənab Ziya Məmmədovun 131/ü â„–-li, 24 oktyabr 2012-ci tarixli əmrini 2-ci bəndindən görünür ki, İnzibati xəta haqqında protokolların qanunvericiliyi tələblərinin uyğunluğunu təmin etmək “Azəryolservis” ASC-nın tabeliyində olan aidiyatı qurumlarda işçi komissiyalar tərəfindən həyata keçirməsi müəyyən edilmişdir.

Lakin istinad edilən xususatlara baxılaraq tərəfinizdən imzalanmış 12 noyabr 2012-ci il tarixli 56 â„–-li əmri ilə 2.1-ci bəndində yuxarıda gösdərilən qaydaların 1.2-ci bəndinin, eləcə də Nəqliyyat Naziri, cənab Ziya Məmmədovun 24.10.2012-ci il tarixli, 131/ü saylı əmrin tələblərinə zidd olaraq müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası İXM-nin 163.0.14, 163-1.1-163-1.4, 164.0.10, 326-5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraatın inzibati tənbeh tətbiq edilənədək olan mərhələsində ilkin sənədləşmənin aparılması və protokolların tərtib edilməsi səlahiyyəti “Azəryolservis“ Aşıq Səhmdar Cəmiyyətinin “85 saylı Yol İstismarı” MMC-nin (direktor Nəriman Məmmədov) iriqabaritli və ağırçəkmə nəqliyyat vasitələrinin hərəkətinə nəzarət şöbəsinin rəisi, tərəzi nəzarət və səyyar tərəzi nəzarət məntəqələrinin rəisləri, baş mütəxəssisləri, aparıcı mütəxəssisləri tərəfindən həyata keçirilir. Sözügedən əmrin 2.2-2.4–cü bəndləri ilə Azərbaycan Respublikası İXM-nin Nəqliyyat Nazirliyinin səlahiyyətlərinə aid edilmiş digər maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraatın inzibati tənbeh tətbiq edilənədək olan mərhələsində ilkin sənədləşmənin aparılması və protokolların tərtib edilməsi səlahiyyəti “Azəryoloservis” ASC-ti tərəfindən təsis edilmiş digər MMC-lərə həvalə olunmuşdur.

Bütün bunlarla yanaşı sözügedən MMC-lərin rəhbərlərinə inzibati xətalar haqqında işlər üzrə icraatın inzibati tənbeh tətbiq edilənədək olan mərhələsində qanunvericiliyin tələblərinin və prosessual hərəkətlərin yerinə yetirilməsi səlahiyyətini həyata keçirən işçi komissiyası yaratmaq və bu komissiyanın tərkibi barədə cəmiyyətə məlumat vermək tapşırılmışdır. Qeyd olunan bu əmrin 2.5-ci maddəsində isə göstərilmişdir ki, Azərbaycan Respublikası məhkəmələri tərəfindən İXM-nin 161.2, 163.0.3-163.0.10, 163.0.14, 163-1.1-163-1..3 və 164-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərlə əlaqədar mübahisəyə baxılarkən həmin məhkəmə proseslərində Nəqliyyat Nazirliyi tərəfindən verilmiş etibarnamələr əsasında aidiyyatı üzrə “85 saylı Yol İstismarı” MMC (direktor Nəriman Məmmədov) “80 saylı Yol İstismarı” MMC (direktor Səftər İsmayılov) “Yolların Mühafizəsi Xidməti” MMC (rəis Həbib Əliyev), “2 saylı Yolların Mühafizəsi Xidməti” MMC (rəis İlqar Əzizov) və “3 saylı Yolların Mühafizəsi Xidməti” MMC (rəis Əli Məmmədov) iştirak edirlər.

Hörmətli Cavid müəllim!

Yuxarıda qeyd olunan əmrinizdə yol verilən qanun pozuntusu hesab etdiyimiz halları diqqətinizə çatdırırıq və ümid edirik ki, qeyd olunan əmrin hüquqiliyinə yenidən baxılmasını təmin etməklə, bu müraciətdə ifadə etdiyimiz fikirlərimizi də nəzərdən keçirilməsi üçün zəruri tədbirlər görəcəksiniz.

Əvvəla qeyd etməyi zəruri hesab edirik ki, inzibati xətalara dair işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası İXM-də yuxarıda sözügedən əmrinizdə ifadə edilən “İnzibati xətalar haqqında işlər üzrə icraatın inzibati tənbeh tətbiq edilənədək olan mərhələsi“ adlı mərhələ mövcud deyildir. Azərbaycan Respublikası İXM-də ehtiva olunmayan belə bir mərhələnin əmrinizdə müəyyən edilməsi Azərbaycan Respublikasının hüquq qaydalarının ümumi ideya və prinsipləri, o cümlədən mövcud qanunvericiliyin tələbləri ilə ziddir. Digər tərəfdən yuxarıda göstərildiyi kimi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə protokolların Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinin tələblərinə uyğun tərtib edilməsi səlahiyyəti 12.11.2012-ci il tarixli 56 â„–-li əmrinizdə əsas kimi istinad etdiyiniz 19.10.2012-ci il tarixdən qüvvəyə minmiş mərkəzi İcra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilmiş Qaydaların 2-ci bəndinə əsasən yalnız Nəqliyyat Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə aiddir və heç bir əmrlə, o cümlədən tərəfinizdən verilmiş 12.11.2012-ci il tarixli əmrlə bu səlahiyyət MMC-lərə ötürülə bilməz. “Azəryolservis” ASC-nin heç bir əmrində bu cəmiyyətin tabe olduğu Mərkəzi İcra Hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktlarının tələbləri ilə uzlaşmayan fərqli qaydalar nəzərdə tutula bilməz.

Onu da xüsusilə qeyd etməyi zəruri hesab edirik ki, yuxarıda göstərilən xüsusatla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini ifadə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.2 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumun 15 iyul 2013-cü il tarixli qərarında da ehtiva olunmuşdur ki, “Dövlət orqanlarının qarşısında duran ən vacib vəzifə dövlətin Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra – Konstitusiya) təsbit olunmuş quruluşunun, idarəetmə üsulunun, dövlət və ictimai qaydanın mühafizəsindən ibarətdir. Bu vəzifənin həyata keçirilməsi demokratik, hüquqi cəmiyyətdə hər bir cəmiyyət üzvünün maraqlarının qorunmasına xidmət edir. Məhz bu səbəbdən dövlət maraqlarının mühafizəsinin təmin olunması ümumilikdə şəxsiyyətin və vətəndaşların hüquqlarının və qanuni maraqlarının müdafiəsinin təmin olunması ilə sıx əlaqəlidir”.

Daha sonra qeyd olunan qərarda göstərilmişdir ki, “İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 5.2-ci maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir.

İnzibati xətalar qanunvericiliyinin göstərilən vəzifələrinin həyata keçirilməsi müvafiq səlahiyyətli dövlət orqanlarının (vəzifəli şəxslərin) üzərinə qoyulmuşdur.

Yuxarıda qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sözügedən qərarında göstərmişdir ki, “... istənilən inzibati hüquq münasibətlərində olduğu kimi inzibati xətalar üzrə yaranan münasibətlərdə də tərəflərdən biri dövlət hakimiyyəti funksiyasını həyata keçirən orqan (vəzifəli şəxs) olur. Həmin səlahiyyətli orqanlar (vəzifəli şəxslər) aktlar qəbul etmək, işin istiqamətini və taleyini müəyyən edən hüquqi sənədlər tərtib etmək hüququna malikdirlər. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) protokollar tərtib edir, qərarlar qəbul edir, onları ləğv edir, dəyişdirir və qərarları icra edirlər. Digər şəxslərin hüquqlarının müdafiəsi özündə ümumi (publik) maraqları əks etdirdiyindən bu sahədə dövlət üzərinə düşən müvafiq öhdəliklərin yerinə yetirilməsi vəzifəsini daşıyır. Belə olan halda zərurət olduqda dövlət tərəfindən digər şəxslərin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsi tələb edilir.

Nəzərə alınmalıdır ki, inzibati xətalar sahəsində yaranan münasibətlərin subyektləri öz vəzifələrinə görə fərqli prosessual vəziyyətdə olurlar. İlk növbədə ona görə ki, səlahiyyətli dövlət orqanı (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirləri tətbiq edərkən inzibati xarakterli məcbur etmə səlahiyyətlərinə malikdir. Belə tədbirləri tətbiq edən səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxsləri isə inzibati xətalarla bağlı icraatın subyektləri kimi qəbul edilməlidirlər”.

Göründüyü kimi inzibati xətalar üzrə yaranan münasibətlərdə müstəqil prosessual mərhələ olmaqla inzibati xətalar haqqında işin başlanmasına əsas olan inzibati protokolu tərtib etmək hüququ dövlət hakimiyyəti funksiyasının həyata keçirən səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid prosessual hüquqdur. Qanunla səlahiyyətinə aid edilən istənilən inzibati hüquq münasibətlərində olduğu kimi inzibati xətalar üzrə yaranan münasibətlərdə də tərəflərdən biri dövlət hakimiyyəti funksiyasını həyata keçirən orqandır (vəzifəli şəxsdir). Bu sahədə dövlət üzərinə düşən müvafiq səlahiyyətlərinin yerinə yetirilməsi vəzifəsini başqa şəxslərə (hətta özünün tabeliyində olan MMC-lərə də) ötürə bilməz. Əks təqdirdə belə vəziyyət inzibati xətalar üzrə yaranan münasibətlərin digər şəxslərin hüquqlarını kobud şəkildə pozulması ilə nəticələnməklə yanaşı Konstitusiya ilə təsbit olunan hüquqi dövlət, hüququn aliliyi prinsipləri ilə daban dabana ziddiyyət təşkil edər.

Məlumunuzdur ki, İnzibati Xətalara dair işlər üzrə protokolları tərtib etməyi həvalə etdiyiniz MMC-lərin işçiləri Nəqliyyat Nazirliyinin səlahiyyətli vəzifəli şəxsi hesab oluna bilməz.

Yuxarıda istinad edilən əmrinizin 2.5-ci bəndində əks edilənlərlə bağlı qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yuxarıda istinad edilən qərarında gösdərmişdir ki, “inzibati xətalar qanunvericiliyinə görə inzibati təqibi həyata keçirən səlahiyyətli dövlət orqanları inzibati xətalar haqqında işlər üzrə məhkəmə prosesində tərəf hesab oluna bilməzlər. Bununla belə, inzibati xətalara dair işlər üzrə icraatda səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxsləri belə işləri həll edən instansiya və ya həmin prosesdə faktiki olaraq tərəf qismində (vəzifəli şəxs tərəfindən qəbul edilən qərardan yuxarı səlahiyyətli dövlət orqanına və ya məhkəməyə şikayət verildiyi halda) çıxış edirlər. Eyni zamanda, inzibati xətaya dair müvafiq protokol tərtib etmiş vəzifəli şəxs də inzibati xətalar üzrə işlərdə faktiki olaraq inzibati icraatın tərəfi kimi çıxış edir.

Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi İnzibati Xətalar Qanunvericiliyinin rəsmi şərhini verərkən ifadə etmişdir ki, inzibati təqibi həyata keçirən səlahiyyətli dövlət orqanları inzibati xətalar haqqında işlər üzrə məhkəmə prosesində tərəf ola bilməzlər. Konstitusiya məhkəməsinin sözügedən qərarında ifadə edilən hüquqi mövqeyinə görə məhkəmə prosesində tərəf kimi faktiki olaraq dövlət orqanlarının vəzifəli şəxsləri (inzibati xəta haqqında qərar qəbul etməyə səlahiyyəti olan vəzifəli şəxs) və inzibati xətaya dair müvafiq protokol tərtib etmiş vəzifəli şəxsi inzibati xətalar üzrə işlərdə faktiki olaraq inzibati icraatın tərəfi kimi çıxış edir.

Göründüyü kimi 12.11.2012-ci il tarixli 56 â„–-li əmrin 2.5-ci bəndində qanunvericiliyin tələbləri ilə uzlaşmır.

Hörmətli Cavid müəllim

Rəhbərlik etdiyiniz “Azəryolservis” ASC Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin mühüm struktur vahidi olmaqla ölkə başçımız Cənab İlham Əliyevin rəhbərliyi altında Respublikamızda aparılan irimiqyaslı quruculuq abadlıq işlərinin əhəmiyyətli tərkib hissəsi olan yol nəqliyyat infrastrukturun bərpasında və yeni-yeni yolların çəkilməsində uğurlu layihələr həyata keçirmiş və bu gün də öz səmərəli fəaliyyətini layiqincə davam etdirir.

Rəhbərlik etdiyiniz cəmiyyətə və istər bu cəmiyyətin rəhbəri, istərsə də millət vəkili kimi şəxsən Sizə böyük hörmət və ehtiramımızı məmnuniyyətlə ifadə edərək hazırkı müraciətimizdə 12 noyabr 2012-ci il tarixli 56 â„–-li əmrinizin bəzi bəndlərində qanun pozuntusuna yol verildiyini hesab etdiyimiz halların aydınlaşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı şəxslərə zəruri tapşırıqlar verəcəyinizə ümid edirik.

Hörmətlə

Mərkəzin sədri: Natiq Y.Abdullayev

Gündəlik