ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Ş.Əliyev

ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Ş.Əliyev

Hörmətli Şahin müəllim

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.3-cü maddəsinin və həmin Məcəllənin əmr icraatını tənzimləyən müddəalarının praktiki tətbiqində yaranmış qeyri-müəyyənlikləri və ziddiyyətləri diqqətinizə çatdırmaqla bu Məcəlləyə gələcəkdə edilən müvafiq dəyişikliklər zamanı aşağıda qeyd etdiyimiz müddəalərda olan ziddiyyətləri də nəzərə almağınızı məqsədə müvafiq hesab edirik.

Belə ki, Azərbaycan Respublikası MPM-nin 95.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə iclasında səs və video yazıların aparılmasına bu Məcəllənin 10.9 və 10.10-cu maddələrinin tələblərinə əməl edilməklə yol verilir.

Lakin Məcəllənin 10-cu maddəsinin məzmunundan görünür ki, 10.9-cu maddə təmamilə Məcəllədən çıxarılmışdır. Hesab edirik ki, Məcəllənin 10.9-cu maddəsi çıxarıldığından həmin Məcəllənin 95.3-cü maddəsinin məzmununa yenidən baxılması zəruridir.

Digər tərəfdən qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası MPM-nin “əmr icraatı”nı tənzimləyən aşağıda göstərilən müddəalarına da yenidən baxılması zəruridir.

Belə ki, mülki məhkəmə icraatının ayrıca növü olan əmr icraatı Azərbaycan Respublikasının yeni MPM-nin qüvvəyə mindiyi 01.09.2000-ci ildən tətbiq edilməyə başlamaqla, bu icraat konkret mülki işlərin sadələşdirilmiş formada həll edilməsinə imkan verdiyindən çox mühüm təcrübü əhəmiyyətə malikdir.

Lakin əmr icraatı üzrə borclunun məhkəmə əmrinə etiraz hüququnun həyata keçirilməsi müddətini və formasını ehtiva edən Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsində təsbit olunan etirazın prosessual baxımdan statusunu tənzimləyən Azərbaycan Respublikası MPM-nin 283-cü maddəsi praktiki təcrübədə qeyri-müəyyənliklərə, fərqli yanaşmalara və ziddiyətlərə səbəb olmuşdur.

Belə ki, sözügedən müddəada göstərilmişdir ki, “borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir.”

Qeyd edilməsi zəruridir ki, 01.09.2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının MPM-də bütün fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində, eləcə də Azərbaycan Respublikası MPM_nin 4-cü maddəsində təsbit edilən hüquqlarını və qanunla qorunan mənafelərinin müdafiəsi və ya təsdiqi üçün məhkəmədə müdafiəsindən səmərəli və effektiv müdafiəsinə nail olunması məqsədi ilə mülki məhkəmə icraatı qaydasında işlərə baxılması iddia icraatı, xüsusi iddia icraatı, xüsusi icraat, qiyabi icraat və əmr icraatı növlərində təsnifləşdirilmişdir. Yəni Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə subyektiv hüquqlar və ya qanunla qorunan mənafelər haqqında mübahisələrə baxılması və onların həll edilməsi üzrə prosessual tənzimləmə yuxarıda sözügedən mülki məhkəmə icraatı növləri üzrə fərqlənidirilmişdir.

Mülki məhkəmə icraatının ayrı-ayrı növləri olan iddia icraatı və əmr icraatı qaydasında işlərə baxılmasının və həll edilməsinin prosessual tənzimlənməsi də müxtəlifdir.

Belə ki, Azərbaycan Respublikası MPM-nin tələbinə görə mülki məhkəmə icraatının ən geniş yayılan növü olan iddia icraatı məhkəmədə subyektiv hüquqlar və ya qanunla qorunan mənafelər haqqında mübahisələrə baxılması və onların həll edilməsi zamanı mülki prosessual hüquq normaları ilə tənzim olunan və iddia ərizəsinin icraatı qəbul edilməsi ilə başlanan prosessual fəaliyyət olmaqla, iddia icraatında pozulmuş və ya mübahisəli hüququn müdafiəsi prosessual sənəd kimi çıxış edən iddia ərizəsi əsasında həyata keçirilir.

Qanunverici iddia icraatının başlanması üçün zəruri olan iddia ərizəsinin forma və məzmununa aid tələbləri Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində, iddia ərizəsinə əlavə edilən sənədlərin dairəsini isə bu Məcəllənin 150-ci maddəsində, iddia ərizəsinin mümkünlüyü ilə əlaqədar spesfik prosessual tələbləri isə qeyd olunan Məcəllənin 151-ci maddəsində ehtiva etmişdir.

Mülki məhkəmə icraatının ayrıca bir növü olan əmr icraatına başlanmasının həyata keçirilməsi və həll edilməsinin prosessual qaydaları isə Azərbaycan Respublikası MPM-nin XXIII fəslinin 275-284-cü maddələrində təsbit edilmişdir.

Qeyd olunan Məcəllənin tələblərindən görünür ki, əmr icraatı iddia icraatı növündən tamamilə fərqlidir və iddia icraatının tərkib hissəsi sayılmır. Prosessual qanunvericiliyin yuxarıda qeyd olunan fəslində təsbit edilmiş müddəalarından görünür ki, əmr icraatının mahiyyəti müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş və qısaldılmış müddətlər çərçivəsidə baxılaraq icrası məcburi olan məhkəmə əmri qəbul etməkdən ibarət olmaqla bu icraatda prosessual tərəf olan kreditorun tələbi aşkar olmalı və ya həmin tələb digər prosessual tərəf olan borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmalıdır.

Nəzərə alınması zəruridir ki, iddia icraatının başlanmsına əsas olan iddia ərizəsinin, eləcə də əmr icraatının başlanmasına əsas olan ərizənin forma və məzmununa aid prosessual tələblərdə tam fərqlidirlər.

Eyni zamanda nəzərə alınmalıdır ki, iddia icraatı ilə əmr icraatının prosessual tərəfləri, iş üzrə ödənilən dövlət rüsumunun məbləğləri, icraatın başlanması üçün prosessual sənəd kimi çıxış edən müvafiq olaraq iddia ərizəsinin və əmr icraatı üzrə ərizənin forması, predmeti, əsası, əlavə edilməsi zəruri olan sənədlərin dairəsi, iddia müddətinin hesablanması qaydası və sair cəhətdən də müxtəlifdirlər.

Digər tərəfdən qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası MPM-nin 283-cü maddəsində göstərilmişdir ki, “borclunun ərizəsi prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur.”

Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə əmrinə borclu etiraz təqdim edir. Borclunun təqdim etdiyi etirazın prosessual baxımdan iddia ərizəsinə bərabər tutulmasının qanunvericilikdə təsbit edilməsi praktik təcrübədə qeyri-müəyyənlikliyə və ziddiyətlərə əsas yaratmışdır.

Belə ki, əmr icraatından iddia icraatına keçid edilərkən prosessual statusu baxımından borclu cavabdehin, kreditor isə iddiaçının statusu ilə uzlaşır. Belə olan təqdirdə borclunun, yəni cavabdehin etirazının iddia ərizəsinə bərabər tutulması prosessual baxımdan qanunvericiliyin tənzimlədiyi iddia icraatına aid müddəaların tələbləri ilə ziddiyət təşkil edir.

Digər tərəfdən nəzərə alınmalıdır ki, əmr icraatı qaydasında məhkəməyə müraciət edən kreditorun iddia icraatı qaydasında onun tələbinə bilavasitə məhkəmə aktı ilə keçid edilməsi iddia icraatı qaydasında məhkəməyə müraciət edilməsini sərbəst müəyyənləşdirmək hüququ olan şəxsin istəyi, hüquqları və mənafeyi ilə də uzlaşmaya bilər.

Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası MPM-nin 284.1-ci maddəsində məhkəmə əmrinin qətnamə qüvvəsinə malik olmasının təsbit edilməsi məhkəmə əmrinin ləğv edilməsi ilə əlaqədar məhkəmə aktının hansı formada (qətnamə, qərar, qərardad) qəbul edilməsi baxımından da ziddiyətli hüquqi mövqeyə səbəb olmuşdur. Yəni məhkəmə əmri qətnamə qüvvəsinə malikdirsə onun qərardadla ləğv edilməsi Azərbaycan Respublikası MPM-nin məhkəmə aktlarının hüquqi qüvvəsinə aid tələblərlə də uzlaşmır.

Odur ki, Sizdən yuxarıda göstərdiyimiz xüsusatları nəzərə almağınızı və səlahiyyətiniz daxilində müvafiq tədbirlər görməyinizi xahiş edirik

Hörmətlə

İdarə Heyətinin sədri: Natiq Abdullayev

Gündəlik